Kolumbiyanın sabiq xarici işlər naziri Mariya Angela Olgin Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş tərəfindən Kipr üzrə şəxsi nümayəndə təyin edilib.
Milli.Az report.az-a istinadən xəbər verir ki, Türkiyənin Xarici İşlər Nazirliyi bununla bağlı bəyanat yayıb.
Bəyanatda Türk tərəfinin şəxsi nümayəndənin mandatının adada iki tərəf arasında yeni rəsmi həll danışıqlarının başlanması ilə bağlı ümumi fikirlərin olub-olmadığını araşdırmaqla məhdudlaşması və nümayəndənin mandat müddətinin altı aydan çox olmaması şərtilə sözügedən təyinata razılıq verildiyi bildirilir.
Qeyd edilib ki, mahiyyət etibarilə adada iki tərəf arasında ortaq nöqtənin olmaması BMT Baş katibinin hesabatlarında da öz əksini tapıb.
"Yarım əsrdən çox müddət ərzində dəfələrlə müzakirə edilən və Yunanıstan tərəfinin barışmaz münasibəti nəticəsində heç vaxt həyata keçirilməyən federal həll modelinin köhnəldiyi və tükəndiyi açıq-aydın görünür. Bundan sonra Kiprdə hər hansı yeni danışıqlar prosesinin başlanması üçün əvəzsiz ilkin şərt Kipr türk xalqının suveren bərabərliyinin və bərabər beynəlxalq statusunun qeydə alınmasıdır. Bu baxımdan iki tərəf arasında ümumi zəmin yaradılması ancaq bu anlaşma çərçivəsində mümkündür. Köhnəlmiş iki hissəli, iki icmallı federasiya axtarışına yönəlmiş prosesə bir daha cəhd etmək mümkün olmayacaq. Belə olduğu halda, aydındır ki, şəxsi nümayəndənin altı aylıq səlahiyyət müddəti heç bir anlaşılmazlıq olmadan adada iki tərəf arasında yeni rəsmi həll danışıqlarının başlanması ilə bağlı ümumi əsasın olub-olmadığını müəyyən etmək üçün kifayət edəcək", - deyə bəyanatda bildirilir.
Nazirlik şəxsi nümayəndəyə yeni vəzifəsində uğurlar arzulayaraq, hazırlayacağı hesabatın tərəflərin münasibətini və adadakı reallıqları obyektiv şəkildə əks etdirməsi, lazımi nəticələr çıxarması və bu nəticələr təməlində gələcəkdə izlənə biləcək realist hərəkət kursunun nə ola biləcəyini qeyd edəcəyinə ümidvar olunduğu bildirib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun