Azərbaycandakı seçkilərdə MDB müşahidəçilər missiyasına o rəhbərlik edəcək

3 Yanvar 2024 14:30

Azərbaycanda növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində Müstəqil Dövlətlər Birliyinin (MDB) müşahidəçilər missiyasına MDB-nin baş katibi Sergey Lebedev rəhbərlik edəcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə MDB İcraiyyə Komitəsi məlumat yayıb.

Bildirilib ki, Lebedevin namizədliyi Birliyə üzv dövlətlərin qurumun Nizamnamə və digər orqanları yanında Daimi Nümayəndələr Şurasının qərarı ilə razılaşdırılıb.

"MDB müşahidəçilər missiyası Azərbaycan Respublikası Hökumətinin dəvəti ilə seçki kampaniyasının monitorinqini həyata keçirəcək. MDB İcraiyyə Komitəsi Birliyə üzv ölkələrə Missiyanın tərkibinə daxil olacaq nümayəndə namizədlərini göndərmək xahişi ilə dəvətnamələr göndərib. Əvvəlki kampaniyalarda olduğu kimi, Missiyanın fəaliyyəti siyasi neytrallıq, seçki prosesinə və dövlətin daxili işlərinə qarışmama, milli qanunvericiliyə ciddi riayət prinsipləri üzərində qurulacaq", - məlumatda deyilir.

Xatırladaq ki, Prezident İlham Əliyev dekabrın 7-də Azərbaycanda növbədənkənar prezident seçkisinin keçirilməsi ilə bağlı sərəncam imzalayıb. Sərəncama əsasən, növbədənkənar prezident seçkiləri 7 fevral 2024-cü il tarixində keçiriləcək.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun