Şengen zonasına vizasız səyahət edəcəklər

1 Yanvar 2024 12:40

Kosovo vətəndaşları 2024-cü ili Şengen zonasına vizasız səyahət etmək hüququ qazanaraq qarşılayıblar.

Milli.Az musavat.com-a istinadən bildirir ki, yanvarın 1-dən etibarən kosovalılar 180 günlük müddət ərzində 90 günə qədər Aİ ölkələrinə vizasız gedə biləcəklər.

Digər tərəfdən, 1 il əvvəl Aİ-yə üzvlük ərizəsini təqdim edən Kosovo hələ də müsbət cavab almayıb. Vizasız səyahət imkanı başlayandan sonra xüsusilə gənclərin Aİ ölkələrinə miqrasiya edəcəyi təxmin edilir.

Qeyd edək ki, 2012-ci ildə Avropa İttifaqı (Aİ) qurumları Kosovoya vizasız səyahət hüququna malik olmaq üçün 95 meyara əməl etməyi tapşırıb. Kosovonun bəzi kriteriyaları yerinə yetirməməsi və Aİ tərəfinin yeni meyarlar əlavə etməsi səbəbindən proses dəfələrlə bloklanıb.

Təxminən hər üç Kosovo vətəndaşından biri Avropa ölkələrində yaşayır və buna görə də kosovalılar üçün vizadan azad olunma turistik səfərdən daha çox şey deməkdir.

Rusiya-Ukrayna müharibəsindən sonra AB institutlarına inteqrasiya sürətləndi. Bundan sonra Kosovo başda Almaniya, Avstriya, Fransa və Niderland kimi ölkələri razı saldıqdan sonra 2023-cü ilin ilk yarısında vizasız səyahət üçün Aİ qurumlarından müsbət cavab ala bildi.

Qeyd edək ki, Qərbi Balkan ölkələri Serbiya, Monteneqro və Şimali Makedoniya 2009-cu ildə, Albaniya, Bosniya və Herseqovina isə 2010-cu ildə Şengen zonasına vizasız getmək hüququ qazanıblar.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun