Bakıda qeydiyyat yerini dəyişmək üçün nə etməli?

29 May 2012 01:00
Azər adlı oxucu da Milli.Az-a eyni mövzu ilə bağlı müraciət edib. O öyrənmək istəyir ki, bir ünvanda qeydiyyatdan çıxıb, digər ünvanda qeydiyyata düşmək üçün haraya və necə müraciət etməlidir?

Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsindən Milli.Az-a verilən məlumata görə, əgər qeydiyyat dəyişikliyi ev alqı-satqısı ilə bağlıdırsa, ilk olaraq yeni mənzili alqı-satqı yolu ilə əldə edərkən mənzilə dair Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən aldığı çıxarışı (kupça) öz adına sənədləşdirməlidir. Sonra isə şəxsiyyət vəsiqəsi və yeni kupçanı qeydiyyata düşmək istədiyi rayonun pasport-qeydiyyat şöbəsinə təqdim etməklə pasport qeydiyyatına alına bilər.

İdarədən bildirildi ki, bu məsələlər "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Qanun"un tətbiqi haqqında əsasnamə ilə tənzimlənir. Əsasnaməyə görə, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün həmin yerin müvafiq icra hakimiyyəti orqanına (polis orqanına) müraciət etməlidir. Müvafiq icra hakimiyyəti orqanının məsul əməkdaşı vətəndaşı yaşayış yeri üzrə qeydiyyata almaq üçün ondan aşağıdakı sənədləri tələb etməlidir:

- mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış;

- icarəyə verənin və ya kirayəyə verənin müvafiq olaraq icarəçi və ya kirayəçi ilə bağladığı icarə və ya kirayə müqaviləsi;

- yaşayış sahəsinə köçmək üçün əsas verən order və ya Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd;

- vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi;

- ərizə-anket;

- şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə, hərbi bilet və ya təhkim şəhadətnaməsi.

Vətəndaş yeni yaşayış yeri üzrə qeydiyyata alınarkən hərbi biletini və ya təhkim şəhadətnaməsini təqdim etmək imkanı olmadıqda o, əvvəllər yaşadığı yerin hərbi komissarlığı tərəfindən onun hərbi uçotda dayanıb-dayanmaması faktını təsdiq edən sənədi müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidir.

Qanunda o da nəzərdə tutulub ki, yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmaq üçün bu Qanunda göstərilənlərdən başqa sənədlər tələb edilə bilməz.

Anar Məmmədov
Milli.Az