"Report" İnformasiya Agentliyinin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyevlə müsahibəsi:
- Cari il ərzində Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında hansı işlər görülüb? Bu müddət ərzindəki fəaliyyətinizi dəyərləndirməyinizi xahiş edirəm.
- "Böyük Qayıdış" Proqramı çərçivəsində 2026-cı ilin sonuna qədər Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında 24 kənd, 5 qəsəbə, 3 şəhərin yenidən qurulması və tikintisi nəzərdə tutulur. Buna qədər sözügedən rayonlar üzrə 10 kənd, bir qəsəbə və 3 şəhər mərkəzində çoxmənzilli yaşayış məhəllələrinin, həmçinin bir sıra infrastruktur obyektlərin təməlqoyma mərasimləri həyata keçirilib.
Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bərpa-qurucluq işləri dayanıqlı inkişaf prinsiplərinə əsaslanır və "Ağıllı şəhər", "Ağıllı kənd" konsepsiyaları icra olunan layihələrdə əsas götürülür.
Yenidən salınacaq şəhər, qəsəbə və kəndlərin konseptual əsasını "rahat yaşayış", "yaşıl və təmiz", "mütərəqqi innovasiyalar" kimi yanaşmalar təşkil edir. Həmçinin bütün yaşayış məskənləri mənzərəli landşaftı, ictimai məkanları, sağlam ətraf mühiti sayəsində sakinlər və qonaqları üçün rahat həyat şəraiti ilə seçiləcək.
Onu da bildirmək istərdim ki, 2026-cı ilədək sözügedən üç rayon üzrə 40 mindən çox keçmiş məcburi köçkünün öz doğma yurduna geri qayıdışı nəzərdə tutulub.
- Prezidentin xüsusi nümayəndəsi kimi Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarının ictimaiyyət nümayəndələri ilə görüşlər keçirirsiniz. Həmin görüşlərdə Sizə daha çox hansı məsələlərlə bağlı müraciətlər edilir?
- Təbii ki, biz mütəmadi olaraq sakinlərlə görüşlər keçiririk. Onların müxtəlif səpkidə olan müraciətləri qəbul olunur və qaldırılan hər bir məsələ üzrə tədbirlər görülür. Amma ümumilikdə bildirmək istərdim ki, vətəndaşların qəbulu zamanı müraciətlərin böyük qismi əraziyə səfərlərlə bağlı olur. Biz də aidiyyəti üzrə hər üç rayon üzrə qrafik əsasında səfərlər təşkil edirik ki, keçmiş məcburi köçkünlər öz doğma ata-baba yurdlarını görə bilsinlər. Bütün bu proseslər təhlükəsizlik qaydalarına riayət olunmaqla ANAMA ilə koordinasiyalı şəkildə təşkil olunur.
- Prezident İlham Əliyev bu il mayın 4-də Zəngilan rayonuna səfər edib. Rayon Mərkəzi Xəstəxanasının və Cahangirbəyli kəndinin təməlini qoyub. İşlərə başlanılıbmı?
- Söhbətimizin əvvəlində mən artıq qeyd elədim ki, cənab Prezidentin iştirakı ilə Zəngilan rayonunda bir sıra yaşayış məskənlərinin və infrastruktur obyektlərinin təməli qoyulub. Həmçinin bunların içərisində 91 çarpayılıq Zəngilan rayon Mərkəzi Xəstəxanası, eləcə də Cahangirbəyli kəndi də yer alır.
Məlumat üçün bildirmək istərdim ki, təməlqoymadan sonra sənədləşmə və layihələndirmə işlərinə başlanmışdır. Hazırda layihələrin tender prosesinə hazırlıq gedir.
- Bəs Zəngilan şəhərinin tikintisinə nə vaxtdan başlanılacaq?
- Zəngilan şəhərinin baş planı təsdiq olunmuşdur və baş plana uyğun infrastruktur layihələr hazırlanmaqdadır. Həmçinin, Zəngilanın memarlıq üslubuna uyğun olaraq yaşayış komplekslərinin layihələri hazırlanır.
Bildiyiniz kimi, işğaldan azad olunmuş ərazilərdə ilk yaşayış məskəni məzh Zəngilan rayonunun Ağalı kəndində salınmışdır. Bugünədək "Böyük Qayıdışa dair I Dövlət Proqramı" çərçivəsində 175 ailədən ibarət 871 nəfər Zəngilan rayonunun Ağalı kəndində məskunlaşıb.
Zəngilan şəhərində artıq Hava Limanı, Konqres Mərkəzi fəaliyyət göstərir. Sözügedən Mərkəzdə bu günədək 3 beynəlxalq tədbir təşkil edilib.
- Ağalı kəndinin sakinlərinin məşğulluq probleminin həlli, onların əkinçiliklə məşğul olması və istirahəti üçün hansı şərait yaradılıb?
- Ağalı kəndinə köçmüş saknilər üçün zəruri olan bütün infrastruktur şərait yaradılmışdır. Burada "Ağıllı kənd" meyarlarına uyğun zəruri xidmətlər, iş yerləri və digər bu səpkidə imkanlar yaradılmışdır. Hazırda bu kənddə 175 ailə firavan şəkildə yaşayır. Həmçinin, hər bir ailənin həyətində kiçik təsərrüfat üçün uyğun şərait mövcuddur.
- "Horadiz-Ağbənd" dəmir yolu və Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun tikintisi ilə bağlı işlər nə yerdədir? Tikinti işlərinin nə zamana kimi yekunlaşması gözlənilir?
- 110 km uzunluğunda olan Horadiz-Ağbənd dəmir yolu xətti ilə də bağlı işlər aparılır. Eləcə də Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun tikintisi işləri də davam etdirilir. Bu işlərin 2025-ci ilədək tamamlanması planlaşdırılır. Bu il Araz çayı üzərində Azərbaycanın Şərqi Zəngəzur bölgəsini İran üzərindən Naxçıvanla kommunikasiya əlaqələri təmin edəcək körpünün də təməlatma mərasimi həyata keçirilmişdir.
- Bəs Qubadlı və Cəbrayıl rayonların insanların köçürülməsi nə zamandan planlaşdırılır?
- Bugünədək Qubadlıda şəhər mərkəzinin və 3 kəndin təməlqoyma mərasimləri həyata keçirilib. Hazırda Zilanlı, Mahruzlu kəndlərində tikinti işlərinə başlanılıb və Xanlıq kəndində isə layihələndirmə işləri həyata keçirilir.
Bildirmək istərdim ki, hazırda Cəbrayıl şəhərinin mərkəzində yaşayış kompleksi inşa olunur. Yaşayış kompleksi 6 kvartaldan ibarətdir və 33 ümumi yaşayış binası tikiləcək. Şəhər mərkəzində 4-5 mərtəbəli binalar olacaq və 712 mənzil tikiləcək. Biz planlaşdırırıq ki, tikinti işləri növbəti ildə başa çatacaq və bundan sonra həmin binalarda 2 158 sakin məskunlaşacaq.
Onu da bildirmək istərdim ki, buna qədər Cəbrayıl rayonunda Xudafərin qəsəbəsinin, Horovlu, Soltanlı və Şükürbəyli kəndlərinin təməli qoyulmuşdur. Horovlu kəndində artıq tikinti işlərinə başlanmışdır.
- Rəhbərlik etdiyiniz rayon sakinlərinin öz ata-baba evlərini ziyarət etməsi üçün onlara şərait yaradılırmı? Əgər yaradılırsa, onlar bunun üçün hara müraciət etməlidirlər?
- Daha öncə qeyd etdiyim kimi, öz ata-baba yurdlarını görmək istəyən vətəndaşlar üçün təhlükəsizlik qaydalarına riayət etməklə mütəmadi səfərlər qrafik üzrə təşkil olunur. Bunun üçün sakinlər Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzinə müraciət edirlər və hər ay onlarla müvafiq qaydada görüş keçirilir. Həmçinin vətəndaşların Cəbrayıl, Qubadlı və Zəngilan icra hakimiyyətlərinə edilən müraciətləri əsasında da ziyarətlər təşkil olunur.
Milli.Az