GTA-nın videolarını oğurlayan 18 yaşlı hakerə ağır cəza - FOTOlar

23 Dekabr 2023 21:40

"Rockstar Games"i sındıran, "Grand Theft Auto 6"nın (GTA VI) ilkin versiyasının bir çox videosunu oğurlayan və sızdıran britaniyalı haker 18 yaşlı Arion Kurtaja hökm oxunub.

Milli.Az oxu.az-a istinadən bildirir ki, hakim Patrisiya Lis hakerin qeyri-müəyyən müddətə (bu ömürlük də ola bilər) mühafizə olunan xəstəxanada məcburi saxlanmasına qərar verib.

Məhkəmə belə nəticəyə gəlib ki, Kurtaj hələ də hakerliyə bağlıdır və çox güman ki, azadlığa buraxıldıqdan sonra yenidən fəaliyyətinə cəhd edəcək. Bundan əlavə, digər hakerlərin gənci yenidən qanunsuz fəaliyyətə cəlb etmək riski var. Nəticədə, psixi sağlamlıq məhkəməsi onun ağlı başında olduğunu elan edənə və müəssisəni tərk edə biləcəyinə qərar verənə qədər Kurtaj mühafizə olunan xəstəxanada qalacaq.

Qərara hakerin davranışı təsir edib - həbsdə olarkən o, aqressiya və zorakılıq nümayiş etdirib, həmçinin azadlığa çıxandan sonra hakerlik və internet cinayətləri törətməyə davam edəcəyinə söz verib. 

Məhkəmə Kurtajın adı açıqlanmayan 17 yaşlı şərikini də 18 ay müddətinə reabilitasiya cəzasına məhkum edib.

Hər iki hakerin autizmdən əziyyət çəkdiyi bildirilir. Bundan əlavə, hakimlər Kurtajı "özünə hakim ola bilməyən, iradəsiz" kimi elan ediblər, bu səbəbdən də o, hakim qarşısına çıxarılmayıb.

Arion Kurtaj "Rockstar Games", NVIDIA və "Uber"i sındırmaqla tanınan "Lapsus$" haker qrupunun əsas üzvlərindən biri olub.

Məhkəmə müəyyən edib ki, hələ yayımlanmamış "Grand Theft Auto VI"nın videolarını internetə məhz o sızdırıb.

Bu hadisənin özü kiber aləmdə böyük səs-küy yaradıb. Belə ki, bir neçə ay əvvəl girov müqabilində zaminə buraxılan Kurtaj "Travelodge" hotelində polis mühafizəsi altında olarkən ən məşhur "hack"ını həyata keçirib: O, notbukunun müsadirə olunmasında baxmayaraq, "Amazon Firestick", televizor və mobil telefonundan istifadə edərək "Rockstar" şirkətinə kiberhücum edib, hələ yayımlanmamış və çox gözlənilən GTA oyununun yeni versiyası barədə 90 klip oğurlayıb. Sonra şirkətin daxili "Slack" mesajlaşma sisteminə hücum edərək - "Əgər "Rockstar" 24 saat ərzində "Telegram"da mənimlə əlaqə saxlamasa, mənbə kodunu dərc etməyə başlayacağam", - deyə ismarış yollayıb.

Daha sonra o, klipləri və mənbə kodunu "TeaPotUberHacker" adı altında forumda yerləşdirib. Bundan sonra Kurtaj yenidən həbs edilib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun