"Bəziləri üçün ürək haradadırsa, ev də oradadır. Amma Azərbaycanda belə deyirlər: "Xalçam haradadırsa, mən də, evim də oradayıq".
Milli.Az report.az-a xəbər verir ki, bu barədə CNN telekanalının Azərbaycan xalçaçılıq sənətinə həsr etdiyi "Azərbaycan: Xalçanın incəsənətin ən yüksək səviyyəsi olduğu gözəl ölkə" sərlövhəli məqaləsində deyilir.
Məqalə müəllifi qeyd edib ki, Azərbaycanda xalça sevgisi sarsılmazdır - bu, tunc dövründən onun mədəni DNT-sinə həkk olunmuş və o vaxtdan bəri davam edən yüksək ehtiramlı sənət növüdür: "Bu gün xalçalar gündəlik həyatın ayrılmaz hissəsidir".
Müəllif yazıb ki, xalçaçılıq texnikası nəsildən-nəslə ötürülür və hər bir xalça özünəməxsus hekayəsini danışa bilər:
"Bu, elə bir bədii fenomendir ki, 2010-cu ildə UNESCO ənənəvi Azərbaycan xalçaçılıq sənətini Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edib. Ölkənin paytaxtı Bakıda hamı tərəfindən sevilən xalçanın ən parlaq təcəssümü qızılı həndəsi naxışla bəzədilmiş, yarım yuvarlanmış nəhəng xalçaya bənzəyən bina şəklində təqdim olunur".
Məqalədə Azərbaycanın xalçaçılıq tarixindən də bəhs edilir. Müəllif qeyd edib ki, bəzilərinin X əsrə aid hesab etdiyi və beləliklə, türk ədəbiyyatının günümüzə qədər gəlib çatmış ən qədim əsərlərindən biri olan "Kitabi-Dədə Qorqud" kitabında Azərbaycan xalçaları yüksək qiymətləndirilib:
"X əsrdə yaşamış ərəb səyyahı Əl-Müqəddəsinin Azərbaycana səfər edib və "onların xalçalarının dünyada tayı-bərabəri yoxdur" deyib. Hətta qədim yunan tarixçiləri Herodot və Ksenofont, məşhur italyan səyyahı və yazıçısı Marko Polo da öz əsərlərində Azərbaycan xalçasının əhəmiyyətindən yazıblar".
Bu gün xalçaçılığın qorunub saxlanması Azərbaycan üçün o qədər önəmlidir ki, ölkənin bəzi universitet və kolleclərində bu sənət öyrədilir: "Məsələn, Bakıdakı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dekorativ-tətbiqi sənət (xalçaçılıq, toxuculuq) ixtisası üzrə bakalavr təhsili verilir".
Ölkənin hər yerində turistlər üçün xalçaçılıq emalatxanaları, o cümlədən Azərbaycanın Quba rayonunda "Qədim Quba" məkanı var.
Müəllif əminliklə qeyd edib ki, xalçalar gələcək nəsillər üçün də Azərbaycan mədəniyyətinin özəyinə möhkəm toxunaraq qalacaq.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun