Metropoliten 45 ton südü ikiqat qiymətə niyə alır?

22 Dekabr 2023 16:03

Bakı Metropoliteninin açıldığı 1967-ci ildən bəri müxtəlif ağır və xüsusi ağır əmək şəraiti olan sahələrdə çalışanlara süd məhsulu təqdim edilir. Süd məhsulunun alınması mütləq qaydada tenderlə keçirilən müsabiqənin nəticəsində elan olunur. Tender və onun nəticələri "etender.gov.az" səhifəsində açıq şəkildə öz əksini tapır.

Bu sözləri Axar.az-a açıqlamasında Bakı Metropoliteni QSC-nin süd almasının səbəbləri barədə danışan qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

O, süd ehtiyacının müəyyən edilməsi, alınması və paylanılması prosedurundan bəhs edib:

"Prosesdə kimin qalib gəlib-gəlməyəcəyini Bakı Metropoliteni müəyyən etmir. Müvafiq texniki şərtlər və uyğun qiymət təklif edən iştirakçı tenderdə qalib olur. Hər hansı bir saxtakarlıq və sairdən qətiyyən söhbət gedə bilməz. Sosial şəbəkələrdə və bəzi mətbuat orqanlarında gedən məlumatda isə tender prosesi kənarda qalıb, yalnız Bakı Metropoliteninin sanki hansısa bir şəxslə məqsədsiz şəkildə müqavilə bağlayıb süd aldığı təsəvvürü formalaşdırılıb. Bəs QSC-də süd məhsulları işçilərə nəyə görə verilir? İlk növbədə bu, mövcud qanunvericiliyin əsas tələblərindəndir və burada yeraltı nəqliyyat infrastrukturunun tikintisində, istismarında çalışan işçilərin sağlamlığı üçün süd məhsullarının paylanılması çox təbiidir. Ümumiyyətlə, Bakı Metropoliteni hər ilin yanvar və fevral aylarında hesabat xarakterli məqalələr dərc edir, sözügedən məsələlər də orada ən xırda detallarına kimi öz əksini tapır. Süd paylanılan peşələr ilə bağlı Səhiyyə Nazirliyinin müvafiq təsnifatı var. Yuxarıda qeyd etdiyimiz peşə sahiblərinə isə ilk növbədə qaynaqçıları, İşarəvermə və rabitə xidmətinin kabel təsərrüfatı sahəsində çalışan elektrik montyorlarını, akkumlyator sahəsində çalışanları, kabel lehimləyiciləri, izoləedicilərini, korroziyada işləyənləri, rəngsazları, normadan artıq tozlu olan tikinti sahəsində işləyənləri misal gətirmək olar. Ağır peşələrdə işləyənlərin sayı, günlər və aylar üzrə normativ müəyyən edilir. Günbəgün hesablamaqla həmin süd məhsulu normativə uyğun şəkildə birbaşa işçinin özünə təqdim edilir. Bununla bağlı da akt tərtib olunur və südü alan işçilər sənədə imza atırlar. Norma yarım litrdir və hər dəfə paylanılma aktlaşma əsasında həyata keçirilir. Növbəti il üçün də hesablamalar aparılır və nəticəyə uyğun şəkildə tender keçirilir".

Qeyd edək ki, Bakı Metropoliteni QSC zərərli iş şəraitində çalışan işçiləri üçün 44 730 litr süd alacaq. QSC bununla bağlı keçirilən tenderdə qalib gəlmiş fərdi sahibkar Esmira Hadı qızı Həsənova ilə satınalma müqaviləsi imzalayacaq. Müqavilənin dəyəri 122 452,85 manatdır.

Bu, bir litr südün 2,73 manata alınması deməkdir. Sosial şəbəkə istifadəçiləri isə bu rəqəmin bazar qiymətindən baha olduğunu bildirirlər. Belə ki, bazarda inək südünün bir litri 1,4 manatdır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun