Şagirdlərin məktəbə telefon gətirməsi qadağan olunub? - RƏSMİ AÇIQLAMA

19 Dekabr 2023 19:11

Bu gün bir neçə onlayn mediada Azərbaycanın ümumi təhsil müəssisələrində şagirdlərə dərsə mobil telefon gətirməyə qadağa qoyulması barədə məlumatlar yayılıb.

Milli.Az xəbər verir ki, məsələyə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən münasibət bildirilib.

"Məlumatın təhrif edildiyini və yayılan xəbərin reallığı əks etdirmədiyini bildiririk.

Məlumat üçün bildiririk ki, ötən tədris ilinin ikinci yarımilindən başlayaraq ölkəmizin 300 məktəbində "Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları" tətbiq edilib. Həmin qaydalara əsasən, şagird ağıllı saat və telefonları, həmçinin, digər elektron cihazları məktəbə gətirməməli və dərs zamanı istifadə etməməlidir.

Şagird, əgər məktəbə gəlib-getməsi üçün təhlükəsizliyinin təmin olunması məqsədilə telefon gətirirsə, həmin telefon şagirddən alınaraq təhlükəsiz yerdə saxlanılır və dərs məşğələləri bitdikdən sonra ona geri qaytarılır.

Bir daha yekun olaraq bildiririk ki, bu qayda yalnız pilot olaraq seçilmiş 300 məktəbdə tətbiq edilir", - qurumdan vurğulanıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun