Biləsuvarda yazıçı-publisist Yunus Oğuzla görüş keçirilib - YENİLƏNİB - FOTO

25 May 2012 18:41
17:58

Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov adına Biləsuvar lisey-kompleksində yazıçı-publisist Yunus Oğuzla görüş keçirilib. "Olaylar"ın məlumatına görə, əvvəlcə lisey-kompleksin həyətində Milli Qəhrəmanın xatirəsinə ucaldılmış abidə ziyarət edilib.

Sonra liseyin direktor müavini Hüseyn Mirzəyev kompleksin fəaliyyəti, burada yaradılmış şərait barədə qonaqlara məlumat verib. Liseyin akt zalında keçirilən görüşdə H.Mirzəyev qeyd edib ki, təhsil müəssisəsində "110 kitab" adlı layihə həyata keçirilir. Bu layihənini məqsədi şagirdlərin bədii ədəbiyyata marağını artırmaq, onlarda oxu mədəniyyətini formalaşdırmaqdır.

Odur ki, layihə çərçivəsində mütəmadi olaraq yazıçı və şairlərlə görüş keçirilir. Yazıçı-publisist Yunus Oğuzla keçirilən görüşün xüsusi əhəmiyyət daşıdığını qeyd edən H.Mirzəyev bildirib ki, bu görüş həm də layihənin bu il üçün yekunudur. Bir cox tarixi romanların müəllifi olan Yunus Oğuzun yazdığı əsərlərin Azərbaycanda milli şüurun, millətçiliyin və türkçülüyün formalaşmasında müsbət təsir göstərdiyini qeyd edən H.Mirzəyev yazıçı-publisistə gələcək fəaliyyətində  uğurlar arzulayıb.

Daha sonra məktəbin tarix kafedrasının rəhbəri Müşfiq Dadaşov, tarix müəllimi Ziya MirzəyevNatiq Cavadov Yunus Oğuzun tarixi romanlarının gənc nəslin milli ruhda formalaşmasına, tarixi gözəl dərk etmələrində mühüm vasitə olduğunu bildiriblər.  

Tədbirdə çıxış edən yazıçı-publisist Yunus Oğuz qeyd edib ki, tarixi romanlara müraciət etməsində əsas məqsəd odur ki, sovet dönəmində türk və Azərbaycan tarixi xalqımıza olduğu kimi deyil, təhrif olunmuş şəkildə çatdırılıb:

"Milli tarixi şəxsiyyətlərimiz qəddar, qaniçən kimi təqdim olunub. Ona görə də tarixi romanlar yazmaqla tarixi şəxsiyyətləri, tarixi qəhrəmanları xalqa  olduğu kimi çatdırmağı özümə borc bilirəm".

Tədbir çərçivəsində həmçinin şagirdlərin  "Nadir şah" tarixi romanının motivləri əsasında  hazırladıqları səhnəcik nümayiş olunub. Sonra sözügedən kitabın təqdimatı keçirilib. Lisey-kompleksin şagirdləri yazıçı-publisistə suallar ünvanlayıb, Yunus Oğuz tərəfindən həmin suallar cavablandırılıb. Tədbirin sonunda Yunus Oğuz liseyin kollektivi ilə xatirə şəkili çəkdirib və ona xatirə hədiyyəsi təqdim olunub.

Milli.Az

----------
18:41

Böyütmək üçün şəkillərə klikləyin.