Azərbaycanın dövlətçilik tarixinə adını əbədi həkk etmiş Ümummilli Lider Heydər Əliyevin gərgin səyləri ilə təhlükəsizlik orqanları keçən əsrin 50-60-cı illərində özünün intibah dövrünə qədəm qoydu. Xüsusi xidmət orqanlarının tərkibinin azərbaycanlılaşdırılması, milli təfəkkürlü kadrların təhlükəsizlik təsisatına cəlb edilmələri bu orqanların sonrakı fəaliyyətinin uğurlu olmasına zəmin yaratdı.
Milli.Az xəbər verir ki, bu sözləri Trend-ə açıqlamasında təhlükəsizlik orqanlarının veteranı, fəxri əməkdaşı, polkovnik Azər Qarayev deyib.
A.Qarayev bildirib ki, ötən əsrin 40-cı illərində xalqına və dövlətinə bağlı olan Ulu öndər Heydər Əliyevin Dövlət Təhlükəsizlik Komitəsində fəaliyyətə başlaması bu orqanın tarixində milli prioritetlərin müəyyənləşməsi kimi xarakterizə edilən yeni dövrün başlanğıcı oldu.
"1944-cü ildən dövlət təhlükəsizliyi orqanlarında işə başlayan Heydər Əliyev qısa bir zamanda mərkəzi aparatda bölmə rəisi vəzifəsinə təyin edilib, 1958-cü ildə əks-kəşfiyyat şöbəsinin rəisi vəzifəsinə irəli çəkilib. 1964-cü ildə Azərbaycan SSR Nazirlər Soveti yanında DTK sədrinin birinci müavini, 1967-ci ildə isə sədri təyin edilib. Fəxarət doğuran haldır ki, Ulu öndər Heydər Əliyev 1930-cu ildən sonra bu yüksək posta layiq görülən ilk azərbaycanlı olub.
Heydər Əliyevin dövlət təhlükəsizliyi orqanlarında fəaliyyəti heç də asan dövrə təsadüf etmirdi. Həmin illərdə Ulu öndər arxivlərdə repressiya qurbanlarının taleyini araşdırırdı. Onlara qarşı edilən haqsızlıqları görmək ona bir xeyli təsir etmişdi. Məlum olmuşdu ki, həmin dövrdə repressiya qurbanı olan şəxslər - Abbas Mirzə Şərifzadə, Bəkir Çobanzadə, Hüseyn Cavid, Mikayıl Müşfiq, Y.V.Çəmənzəminli, Əhməd Cavad və digərləri ədalətsiz şəkildə, heç bir məhkəmə prosesi aparılmadan repressiyaya məruz qalıblar. Onları "Üçlüklər" deyilən qurumun qərarı ilə mühakimə ediblər, "Üçlüklər"in tərkibi isə ermənilərdən ibarət idi", - deyə A.Qarayev əlavə edib.
A.Qarayev qeyd edib ki, H.Əliyev mərkəzi aparatda işə başladığı zaman repressiyalarda əli olan bir çox şəxslərin burada işlədiyinin şahidi olmuşdu.
"Hətta bununla bağlı raport da yazır, bu səbəbdən ona qarşı təzyiqlər edilir. işdən də çıxarılır, lakin daha sonra rəhbərlik səhvə yol verdiyini anlayıb, onu yenidən işə geri qaytarır".
A.Qarayev qeyd edib ki, H.Əliyevin rəhbərliyi dövründə təhlükəsizlik orqanlarının kadr siyasətində ciddi dəyişikliklər oldu.
"Həmin dönəmə qədər azərbaycanlıların bu orqanlarda çalışmasına imkan verilmirdi. Ulu öndər isə kadr siyasətini dəyişdi, azərbaycanlıların ali məktəblərə göndərilməsi və onların kadr kimi işə cəlb olunması prosesinə ciddi əhəmiyyət verilirdi. H.Əliyev həmin gənclərin təhlükəsizlik orqanlarında işə cəlb olunmasına da xüsusi önəm verirdi. Mən də həmin dövrdə bu formada təhlükəsizlik orqanlarında ximdətə başlamış şəxslərdən biri idim", - deyə A.Qarayev əlavə edib.
A.Qarayev bildirib ki, H.Əliyevin sərəncamı ilə 1998-ci ildə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Akademiyası yaradıldı. 2003-cü ildə isə akademiyaya Ulu öndər Heydər Əliyevin adı verildi. Azərbaycanda təhlükəsizlik orqanlarının inkişafı, formalaşması məhz H.Əliyevin adı ilə birbaşa bağlıdır. Onun gərgin əməyi, diqqəti sayəsində xalqımızın təhlükəsizliyinin yüksək peşəkarlıqla təmin olunması üçün lazımi addımlar atıldı.
"Bu gün Prezident İlham Əliyev tərəfindən də Azərbaycan təhlükəsizlik orqanlarına xüsusi diqqət göstərilir. Ölkədə güclü ordu quruculuğu siyasəti yürüdən dövlətimizin başçısının uğurlu islahatları sayəsində təhlükəsizlik orqanlarının fəaliyyəti yeni müstəviyə qalxıb. Təhlükəsizlik məsələsinə hər zaman kompleks və sistemli yanaşan Prezident İlham Əliyev bu sahədə struktur islahatlarının aparılmasını da diqqət mərkəzində saxlayır.
Vətən müharibəsində tarixi zəfərin əldə olunmasında, ondan sonrakı dönəmdə keçirilən əməliyyatlarda, eləcə də, antiterror tədbirlərində və eyni zamanda, separatçı rejimin rəhbərlərinin həbs olunması əməliyyatlarında təhlükəsizlik orqanlarının xüsusi əməyi olub".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun