1542 yük maşını gömrük-keçid məntəqələrində qalıb

11 Dekabr 2023 19:19

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) gömrük-keçid məntəqələrində müşahidə edilən sıxlıqla bağlı məlumat yayıb.

Milli.Az AYNA-ya istinadən xəbər verir ki,​ yük maşınlarının sayı ilə bağlı daşıyıcıların davamlı məlumatlandırılması xidmətinə başlanılıb.

Bildirilib ki, bu da onlara səfərlərini planlayarkən gömrük postundakı mövcud vəziyyətə uyğun olaraq addım atmağa imkan yaradır:

"Gömrük-sərhəd məntəqələrində çıxışda gözləmədə olan nəqliyyat vasitələrinin sayı barədə məlumata əsasən, "Astara" gömrük postunda 250, "Biləsuvar" gömrük postunda 50, "Qırmızı Körpü" gömrük postunda 1126, "Mazımqara" gömrük postunda 55, "Samur" gömrük postunda 61 yük maşını var. "Xanoba" gömrük postunda isə növbə yoxdur. Hazırda ən çox gözləmədə olan nəqliyyat vasitələri "Qırmızı Körpü" gömrük-sərhəd buraxılış məntəqəsində müşahidə edilir.

Buna səbəb Rusiya və Gürcüstan arasındakı "Yuxarı Lars" gömrük-keçid məntəqəsində hava şəraiti ilə əlaqədar iritonnajlı və ağırçəkili nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılmasıdır. İki qonşu ölkə arasında keçməli olan bu yük maşınları hazırda Azərbaycan üzərindən hərəkətini davam etdirirlər".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun