Bakıda bu binanın sakinləri liftə buraxılmır - VİDEO

10 Dekabr 2023 18:26

Bakının Binəqədi rayonu ərazisindəki elit yaşayış komleksinin bəzi sakinləri ''Dərnəgül'' MTK-dan narazıdırlar.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, komlpeks ərazisində yerləşən 17 mərtəbəli, 2-ci binanın bəzi sakinləri binanın tikintisini həyata keçirən ''Dərnəgül'' MTK-dan şikayət edirlər.

Bildirirlər ki, onlardan xəbərsiz MTK tərəfindən binanın saxlanılması adı ilə mənzillərin hər kv/m üçün yığılan vəsait 35 qəpikdən, 45 qəpiyə artırılıb.

Bununla razılaşmayan və artırılmış məbləği ödəməyən sakinlərin liftə girişi məhdudlaşdırılıb. Liftə xüsusi avadanlıq quraşdırılıb və yalnız binanın saxlanılması üçün aylıq ödənişi edənlərə giriş icazəsi verilib.

Sakinlər faktiki olaraq bu məsələdən ciddi əziyyət çəkdiklərini deyirlər. Onlar bildiriblər ki, artıq binanın idarəetməsini özlərinin həyata keçirməsi üçün aidiyəti quruma müraciət də ünvanlayıblar.

Sözügedən MTK-nın hüquqşunası Fərid Həsənov "Xəzər Xəbər"ə bildirib ki, kommunal xərclərin artırılması zamanı sakinlərin iştirakı ilə iclas keçirilib. Bundan sonra məbləğ 45 qəpiyə qaldırılıb. Liftə xüsusi avadanlığın quraşdırılması məsələsinə gəldikdə isə, o, kommunal xərcləri ödəməyənlərin liftə buraxılmamasının normal olduğunu deyib.

Sakinlər isə bildiriblər ki, baş verənlərin heç biri onlarla razılaşdırılmayıb. Hər dəfə sadəcə olaraq vatsapda paylaşım etməklə yeni qərarlarını açıqlayıblar.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun