"Azərbaycan şahmatının yükünü çiyinlərimdə daşımağa hazıram".
Milli.Az report-a istinadən xəbər verir ki, bunu "Vüqar Həşimov Memorial-2023" superturnirinə qatılan Azərbaycan şahmatçısı Aydın Süleymanlı deyib.
Bu gün startı verilən yarışın ilk üç turunda üç xal toplayan gənc şahmatçı birinci turda Rauf Məmmədova məğlub olmasının səbəbini izah edib:
"Ötən il də bu turnirdə Raufla üç dəfə qarşılaşmışdıq. Onun ikisində bərabərə qalmışdıq, birində isə rəqibim qalib gəlmişdi. Məmmədovla bugünkü görüşün gedişində üstün idim. Ancaq vaxt azlığı problem yaratdı. Rauf da yaxşı oynadı və qalib gəldi".
18 yaşlı şahmatçı qarşıdakı duellər barədə düşündüyünü söyləyib:
"Qarşıdakı üç turda bugünkündən daha çox xal toplamalıyam. Təkcə həmin turları deyil, ümumiyyətlə, yarışı fikirləşirəm".
Aydın Süleymanlı Azərbaycanın ən yaxşı şahmatçıları ilə bir turnirdə çıxış etməyin onun üçün xoş hiss olduğunu vurğulayıb:
"Onlardan ikisi ilə bu gün qarşılaşdım. Uşaqlıqda oyunlarına baxdığım qrosmeysterlərlə qarşılaşmaq gözəl hissdir. Onların oyun üslubları daha çox inkişaf edib. Mən hələ o mərhələyə çatmamışam".
Qeyd edək ki, ilk gündə Rauf Məmmədova məğlub olan Aydın Süleymanlı Teymur Rəcəbovla heç-heçə edib, niderlandlı Yorden Van Forestə qalib gəlib.
Milli.az