Bağdadda “Vətən Müharibəsi Tarixi, Şəxsiyyət Faktoru” kitabının ərəb dilində təqdimatı keçirilib - FOTO

6 Dekabr 2023 10:08

Azərbaycanın İraqdakı səfirliyinin dəstəyi və "İraq-Azərbaycan Dostluq Cəmiyyəti"nin təşkilatçılığı ilə Bağdad şəhərində Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən çap edilən "Vətən Müharibəsi Tarixi, Şəxsiyyət Faktoru" və həmçinin "Qarabağ-hərbi və siyasi qələbə" adlı ərəb dilində çap olunan kitabların təqdimatı keçirilib.

Tədbiri açan səfir Nəsir Məmmədov ötən ilin aprel ayında Bağdad şəhərində "İraq-Azərbaycan Dostluq Cəmiyyəti"nin sədri, professor Moataz M. Əbdülhəmidin müəllifi olduğu "Qarabağ münaqişəsinin tarixi" adlı kitabın təqdimatının keçirildiyini və bu kitabın davamı olan, yeni nəşr edilmiş "Qarabağ-hərbi və siyasi qələbə" adlı kitabın İkinci Qarabağ müharibəsi və sonrakı dövrü əhatə etdiyini diqqətə çatdırıb.

Ermənistan-Azərbaycan münaqişəsi haqqında məlumat verən Nəsir  Məmmədov, münaqişənin tarixi, Ulu Öndər Heydər Əliyevin Qarabağ probleminin həlli istiqamətində qurduğu strategiya və ordu quruculuğu sahəsində aparılan işlərdin danışıb. Qeyd edib ki, 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuz Qələbə əldə edib.
Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən çap edilən "Vətən Müharibəsi Tarixi, Şəxsiyyət Faktoru" kitabı barədə danışan səfir, nəşrdə Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri olan Vətən müharibəsinin bütün mərhələləri və qazanılmış şanlı Qələbənin müəlliflər tərəfindən ətraflı araşdırıldığını, həmçinin Birinci Qarabağ müharibəsi, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra keçmiş "Dağlıq Qarabağ" münaqişəsinin həlli istiqamətindəki fəaliyyəti, Milli Ordu quruculuğu, Prezident İlham Əliyevin qələbə strategiyasının əsas istiqamətlərinin təhlil edildiyini diqqətə çatdırıb.

Daha sonra, "İraq-Azərbaycan Dostluq Cəmiyyəti"nin sədri, professor Moataz M. Əbdülhəmid ermənilərin Azərbaycana qarşı ərazi iddialarının tarixi, 30 ilə yaxın qeyri-qanuni şəkildə nəzarət altında saxladığı ərazilərdəki qanunsuz fəaliyyəti, 44 günlük Vətən müharibəsində Azərbaycanın Qələbəsi barədə geniş məlumat verib.

Əl-Müstənsiriyyə Universitetinin professoru Fatimə Səlumi bu kitabların tələbələrin elmi tədqiqat aparmasında mənbə kimi istifadə ediləcəyini, eyni zamanda, kitablardan universitetin kitabxanasına da verilməsinin vacibliyini bildirib.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində əldə edilmiş Qələbənin vacibliyi, azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı quruculuq-bərpa işləri, eləcə də, İraqda Azərbaycanın şanlı Qələbəsinin böyük sevinclə qarşılandığı barədə çıxışlar edilib.

Təqdimat mərasimində İraqın Baş nazirinin enerji məsələləri üzrə müşaviri Fəlah əl-Amiri, İraq Mədəniyyət Forumunun prezidenti Sadiq əl-Camal, Bağdad və Əl-Müstənsiriyyə Universitetlərinin professorları, yerli araşdırma mərkəzlərinin rəhbərləri və tədqiqatçılar, siyasətçilər, ziyalılar və media mənsubları iştirak ediblər.

Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən 6 dildə çap edilən "Vətən Müharibəsi Tarixi, Şəxsiyyət Faktoru" kitabının Azərbaycan və türk dillərinə təqdimatı cari ilin iyununda Kərkük şəhərində keçirilib və hazırda kitabın çin dilində nəşri hazırlanır. 

Milli.Az