2026-cı ilədək neçə ailə köçürüləcək?

5 Dekabr 2023 13:42

"Böyük Qayıdışa dair I Dövlət Proqramı üzrə qayıdış prosesinin ilkin mərhələsinə start verilib. 2026-cı ilədək 34 min 500 ailənin və ya 140 min vətəndaşımızın köçürülməsi nəzərdə tutulub". 

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu fikirləri Baş nazir Əli Əsədov Milli Məclisin plenar iclasında bildirib.

Baş nazir qeyd edib ki, Vətən müharibəsindən sonra işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış Proqramına uyğun olaraq ümumilikdə 987 ailənin (3932 nəfər) köçürülməsi təmin olunub: "Cari ilin sonunadək əlavə olaraq 215 ailənin köçürülməsi gözlənilir. Xüsusi qeyd etmək istərdim ki, Qarabağ iqtisadi rayonunun əraziləri - Xankəndi, Ağdərə, Xocalı, Xocavənd və bütövlükdə işğaldan azad olunmuş rayon və şəhərlərin yerli xərcləri üzrə büdcədə 50 milyon manatdan artıq vəsait nəzərdə tutulub". 

Ə.Əsədov vurğulayıb ki, qələbədən sonrakı üç il müddətində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonundakı bərpa-quruculuq işlərinə dövlət büdcəsindən 12 milyard manat vəsait ayrılıb: "2024-cü ilin dövlət büdcəsində isə 4 milyard manat vəsait nəzərdə tutulub. 

Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası üçün sonrakı illərdə 14,5 milyard manat vəsait nəzərə alınmaqla 2022-2026-cı illərdə ümumilikdə təqribən 30,5 milyard manat məbləğində vəsait tələb olunur". 

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun