Xarici ekspertlərin iştirakı ilə Zəngilanda panel müzakirə keçirilib

5 Dekabr 2023 10:48

Dekabrın 5-i 30 ölkəni təmsil edən 60 xarici ekspertin iştirakı ilə Zəngilanda "Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və Çətinliklər" Forumu çərçivəsində panel müzakirə keçirilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə keçirilən panel müzakirədə dünyanın müxtəlif ölkələrindəki nüfuzlu beyin mərkəzlərinin və akademik qurumların nümayəndələri iştirak ediblər.

İşğaldan azad edilmiş müxtəlif ərazilər üzrə xüsusi nümayənlərin çıxışları ilə baş tutan ilk panel müzakirədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov salamlama nitqi ilə çıxış edib.

Daha sonra ADA Universitetinin prorektoru, eləcə də İnkişaf və Diplomatiya İnstitutunun direktoru Fariz İsmayılzadənin moderatorluğu ilə panel müzakirə öz işinə başlayıb.

Müzakirədə Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəsi Vahid Hacıyev və Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov çıxış ediblər. Tədbirdə həmçinin Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov və Prezidentin Laçın rayonunda xüsusi nümayəndəsi Məsim Məmmədov panel müzakirənin çıxışçısı qismində iştirak ediblər.

Müzakirə zamanı Qarabağda aparılan bərpa və quruculuq işləri, işğaldan azad edilmiş ərazilərə qayıdış prosesində Azərbaycan modeli barədə xarici ekspertlərə məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.

Panelin ikinci hissəsi Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin direktoru Fərid Şəfiyevin moderatorluğu ilə baş tutub.

ADA Universitetinin professoru Gülməmməd Məmmədov, Bosniya və Herseqovina Prezidentinin kabinet üzvü İsmet Kadiç, Efiopiyanın Xarici məsələlər İnstitutunun əməkdaşı Daraskedar Tayen, Gürcüstanın "Rondeli" Fondunun üzvü Şota Utiaşvili, İngiltərənin Cənubi Uels Universitetinin professoru Ali Varda və ABŞ-nin Ceymstaun Fondunun tədqiqatçısı Marqarita Asenova sözügedən paneldə çıxış ediblər.

Panelistlər repatriasiya prosesindəki dünya təcrübəsindən, işğaldan azad edilmiş ərazilərdəki icma quruculuğu və inteqrasiya prosesindən bəhs ediblər.

Tədbir sual-cavab sessiyası ilə başa çatdıqdan sonra iştirakçılar Zəngilanın Ağalı kəndinə səfər edərək buradakı "Ağıllı kənd" konsepti ilə yaxından tanış olublar. Qonaqlara "Ağıllı kənd" pilot layihəsinin icrası zamanı nəzərə alınan 5 əsas komponent barədə məlumat verilib və bildirilib ki, bu böyük həcmdə maliyyə tələb kənd Qarabağdakı quruculuq prosesini və Azərbaycan iqtisasiyyatının inkişafını özündə əks etdirir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun