Cadenza Contemporary Orchestra “Yaddaş#3:Terra Memoria” adlı konsertini keçirib - VİDEO - FOTO

4 Dekabr 2023 12:59

Cadenza Contemporary Orchestra Beynəlxalq Muğam Mərkəzində növbəti "Yaddaş#3:Terra Memoria" adlı növbəti konsertini keçirib.  Konsertdə yaradıcılığı  XX əsrin sonları  XXI əsrin əvvəllərinə təsadüf edən Gerard Grisey, Brian Ferneyhough, Klaus Huber və Kaija Saariahonun əsərləri ifa olunub. Orkestrin daha əvvəl keçirdiyi "Yaddaş", "Yaddaş 2" konsertləri kimi bu konsertin də xüsusi mənası, konsepti var idi. Belə ki, konsert əsasən  bu il vəfat etmiş çağdaş musiqinin əsas imzalarından biri olan Kaija Saariahonun xatirəsinə həsr olunmuşdu. Elə konsertin adı da bəstəkarın "Terra Memoria" əsərindən götürülmüşdür.

Konsertdə G.Grisey`in "Charme", Kaija Saariaho`nun "Callices", Brian Ferneyhough`un "Lemma-İcon-Epigram", Klaus Huber`in "Fragmente aus Frühling" əsərləri solistlər Məhəmmədəli Paşazadə (klarnet),  Fəridə Məmmədova (soprano), Qleb Xoxlov (violin, viola), Rəna Fəhradova (piano), Humay Qasımzadənin (piano) ifasında Azərbaycanda ilk dəfə səslənirdi. Sonda Cadenza Contemporary Orchestra  Meri Çeminavanın dirijorluğu ilə "Terra Memoria" əsərini ifa etdi. Çağdaş musiqinin ən xüsusi əsərləri dinləyiciləri musiqi tarixinin yeni səhifəsi ilə tanış edərək, onların yaddaşında yeni bir səhifə yaratdı.

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az