Şimali Koreya bunu müharibə elanı kimi qiymətləndirəcək

2 Dekabr 2023 09:31

Koreya Xalq Demokratik Respublikası (KXDR)Yer orbitində ilk kəşfiyyat peykini ABŞ tərəfindən zərərsizləşdirmək cəhdlərini müharibə elanı kimi qiymətləndirəcək və buna bənzər hərəkətlərlə cavab verə bilər.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə KXDR Müdafiə Nazirliyinin rəsmi nümayəndəsinin bəyanatında deyilir.

Nazirlik rəsmisi izah edib ki, bu yaxınlarda ABŞ Kosmik Qüvvələri komandanlığı Şimali Koreyanın peykinə hərbi zərbə endirmək ehtimalına eyham vurub:

"ABŞ Kosmik Qüvvələrinin KXDR peykinə qarşı düşmən və təhlükəli mövqeyi diqqətdən kənarda qala bilməz. Bu, bizim suverenliyimizə açıq-aşkar meydan oxumaq, daha dəqiq desək, ölkəmizə müharibə elan etməkdir.

Əgər ABŞ müasir texnologiyadan silah kimi istifadə edib suveren dövlətin hüquqlarına qəsd edərsə, o zaman biz beynəlxalq və milli normalara uyğun olaraq qanuni hüquqlarımızı həyata keçirəcəyik. Biz ABŞ peyklərinin həyat qabiliyyətini azaltmaq və ya onları tamamilə aradan qaldırmaq üçün cavab tədbirləri nəzərdən keçirəcəyik".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun