İmam Muslim ibn Həccac, Xorasanın Nisabur şəhərində anadan olmuşdur. İmam əz-Zəhəbi demişdir: "Deyilənə görə İmam Muslim hicrətin 204-cü ilində anadan olmuşdur".
İmam Muslim Nisaburda yetərincə elm öyrəndikdən sonra biliyini artırmaq və hədisləri toplamaq məqsədilə Hicaz, Misir, Suriya, İraq və digər məmləkətlərə səyahət etmiş və sayı iki yüzdən çox olan alimlərdən elm almışdır.
Bir çox əsərlərində imam Muslim, Buxarinin elmindən istifadə etdiyini etiraf etmiş və hədis elmində onun bənzəri olmadığını söyləmişdir. İmam Buxari Nisabur şəhərinə gəldikdə Muslim mütəmadi olaraq onun məclislərində iştirak etmiş, ondan heç ayrılmamış və onun elmindən bəhrələnmişdir. Muslim həmişə Buxarini müdafiə etmiş, onu pisləyənlərin cavabını vermişdir.
Xətib əl-Bağdadi demişdir: "Muslim hədis elmində Buxarinin yolunu tutub getmiş, onun elmini gözdən keçirmiş və bu sahədə addımbaaddım onu izləmişdir".
İslam alimləri Muslimin hörmətli şəxsiyyət və möhtərəm imam, habelə hədis elmində yüksək bacarıq və ali məqam sahibi olmasını qəbul etmişlər.
Hakim demişdir: "Mən Əbu Abdur-Rəhman əs-Silminin belə dediyini eşitdim: "Mən yarlı-yaraşıqlı və gözəl görkəmli bir şeyx gördüm. Əynində gözoxşayan bir bürüncək var idi, əmmaməsinin ucunu da çiyinləri arasına salmışdı. Məsciddəkilər: "Bu, Muslimdir"- dedilər. Elə bu vaxt əmirin adamları qabağa keçib: "Möminlərin əmiri, Muslim ibn Həccacın müsəlmanlara imamlıq etməsini buyurur"- dedilər. Beləliklə, Muslim qabağa keçib təkbir gətirdi və camaata namaz qıldırdı".
Əhməd ibn Sələmə demişdir: "Mən Əbu Zurədən və Əbu Hatimdən eşitdim. Onlar Muslim ibn Həccacı, səhih hədisləri bilmək xüsusunda öz əsrlərindəki şeyxlərdən üstün tuturdular".
Nəvəvi demişdir: "Hədis elmində iki nümunəvi imamın - Əbu Abdullah Muhəmməd ibn İsmail əl-Buxarinin və Muslim ibn Həccac əl-Quşeyrinin "Səhih" əsərləri ən mötəbər kitablar sayılır. Həqiqətən də, onların bu əsərlərinin misli-bərabəri yoxdur".
Həmçinin demişdir: "Alimlər ittifaq etmişlər ki, Buxari və Muslimin "Səhih" əsərləri, Qurandan sonra ən səhih kitablar hesab edilir. Müsəlman ümməti bu iki kitabı tərəddüdsüz qəbul etmişlər".
İmam Muslim hicrətin 261-ci ilində Rəcəb ayının 24-ü bazar günü vəfat etmiş və bazar ertəsi ayın 25-i Nisaburda dəfn edilmişdir. Allah ona rəhmət etsin!
Milli.Az