“Əuzu billəhi minəş-şeytanir-racim” cümləsinin mənası

27 Noyabr 2023 03:00

"Əuzu billəhi" kəlməsi Allaha sığınıram deməkdir. Buna istiazə deyilir. İstiazə xoşagəlməz şeylərdən qorunmaq üçün Allahdan sığınacaq istəməkdir. Uca Allah buyurur: "De: Sığınıram sübhün Rəbbinə! Məxluqatının şərindən" (əl-Fələq, 1-2).

Həmçinin buyurur: "De: Sığınıram insanların Rəbbinə, insanların Hökmdarına, insanların məbuduna! Vəsvəsə verənin, Allahın adı çəkiləndə isə hövlündən geri çəkilən şeytanın şərindən" (ən-Nas, 1-4).

İstiazə ibadətin bir növü olduğuna görə Allahdan qeyrisinə sığınmaq qadağandır və bu əməl şirk adlanan böyük günah hesab olunur.

"əş-Şeytan" sözü ərəb dilində "şətanə" feilindən əmələ gəlmişdir. Bu isə uzaq olmaq deməkdir. Şeytan hər bir xeyirdən uzaq olduğuna görə belə adlandırılmışdır. Şeytan dedikdə Uca Allahın atamız "Adəmə səcdə edin" əmrinə qarşı çıxan İblis və onun zürriyyəti nəzərdə tutulur.

Həmçinin, ərəblər üsyankar cin, insan və ya heyvanı şeytan adlandırırlar. Uca Allah buyurur: "Beləliklə, Biz hər bir pey­ğəmbər üçün insanlar və cin­lər­dən olan şeytan­ları düş­mən­ müəyyən etdik. Bunlar aldat­maq məq­sədilə bir-birlə­ri­nə təm­təraqlı sözlər təlqin edirlər" (əl-Ənam, 112).

Rəvayət edilir ki, Əbu Zərr demişdir: "Pey­ğəmbər mənə dedi: "Ey Əbu Zərr, insanlardan və cinlərdən olan şeytanlardan Allaha sığın!" Mən dedim: "İnsanlardan da şeytanlar olurmu?" Pey­ğəmbər dedi: "Bəli." (ən-Nəsəi, 2/319).

"ər-Racim" sözü isə daşlanaraq qovulmuş, lənətlənmiş deməkdir. Yəni, şeytan xeyirdən təmamilə uzaqlaşdırılmış və Allahın mərhəmətindən qovulmuşdur. Uca Allah buyurur: "Biz səmada bürclər yaratdıq və onu baxanlar üçün bəzədik. Onları qovulmuş hər bir şeytandan qoruduq. Ancaq şeytanlardan kim göy əhlinin danışıqlarına xəlvətcə qulaq assa, onu yandırıb yaxan alov təqib edər" (əl-Hicr, 16-18).

Şeytan özü Allahın mərhəmətindən qovulduğuna görə insanları da ondan uzaqlaşdırmaq istəyir. Çünki o, insanın düşmənidir, düşmən isə düşməninin ancaq məhv olmasını istəyir. Uca Allah buyurur: "Şübhəsiz ki, şeytan sizin düşməninizdir, siz də onu düşmən sayın. O öz tərəfdarlarını Od sakini olmağa çağırır" (Fatir, 6).

Beləliklə "əuzu billəhi minəş-şeytanir-racim" cümləsi "lənətlənmiş şeytandan Allaha sığınıram" deməkdir. Bu isə "Allahın mərhəmətindən qovulmuş şeytanın dinimə və yaşayışıma zərər verməsindən, əmr olunan əməllərdən yayındırmasından və qadağan olunan əməllərə sövq etməsindən Allahın məni himayə etməsini diləyirəm" mənasını ifadə edir.

Şeytanın əsil mahiyyəti
Uca Allah buyurur: "Yaxşılıqla pislik eyni ola bilməz. Sən pisliyi yaxşılıqla dəf et! O zaman səninlə ədavət aparan kimsə sanki yaxın bir dost olar. Bu isə ancaq səbir edənlərə verilir və ancaq böyük qismət sahiblərinə nəsib olur. Əgər sənə şeytandan bir vəsvəsə gəlsə, Allaha sığın. Çünki O, Eşidəndir, Biləndir" (Fussilət, 34-36).

Uca Allah bu ayədə insanlardan olan düşmənin qəlbini ələ almaq üçün ona yaxşılıq etməyi əmr edir ki, insan təbiətində olan xeyirxahlıq səbəbilə pis əməldən çəkinib dostluğa meyl etmiş olsun. Cinlərdən olan şeytanlardan isə Allaha sığınmağı əmr edir, çünki yaxşılıq etməklə ona təsir göstərmək mümkün olmur. Onun təbiəti şərdir və insanı ondan yalnız onu yaradan Allah qoruya bilər. Bu səbəbdən Uca Allah ondan ancaq Allaha sığınmağı əmr edir. Şeytan Adəm oğlunun barışmaz düşmənidir. Uca Allah buyurur: "Şübhəsiz ki, şeytan sizin düşməninizdir, siz də onu düşmən sayın. O, öz tərəfdarlarını Od sakini olmağa çağırır" (Fatir, 6).

Quran oxuduqda şeytandan Allaha sığınmaq əmr olunur
Uca Allah buyurur: "Quran oxuduqda qovulmuş şeytandan Allaha sığın! Şübhəsiz ki, şeytanın, iman gətirib yalnız öz Rəbbinə təvəkkül edənlər üzərində heç bir hökmranlığı yoxdur" (ən-Nəhl, 98-99).
Burada "Quran oxuduqda" kəlməsi "Quran oxumaq istədikdə" mənasını ifadə edir. Quran oxunuşundan əvvəl şeytanın vəsvəsəsini dəf etmək üçün "əuzu billəhi minəş-şeytanir-racim" deyərək Allaha sığınmaq lazımdır.

Peyğəmbərdən bu mövzuda gələn hədislər də buna dəlalət edir. Rəvayət edilir ki, Əbu Səid əl-Xudri demişdir: "Peyğəmbər gecə yuxudan oyanıb namaz qılarkən təkbir (Allahu əkbər) deyər, sonra: "Allahım! Sən pak və müqəddəssən. Sənə həmd olsun. Sənin adın mübarək, əzəmə­tin ucadır. Səndən başqa məbud yoxdur!" - duasını oxuyar, sonra üç dəfə "lə iləhə illəllah" (Allahdan başqa haqq ilah yoxdur) deyər, sonra isə "Əuzu billəhi minəş-şeytanir-racim, min həmzihi və nəfxihi və nəfsihi" (lənətlənmiş şeytandan, onun ağlıma xətər yetirməsindən, köksümə üfürməsindən və təlqin etməsindən Allaha sığınıram) - deyər və Quran oxuyardı". (Əbu Davud, 775; ət-Tirmizi, 242; İbn Məcə, 804).

Digər bir hədisdə Peyğəmbər şeytanın ağıla xətər yetirməsini qıcolma (epilepsiya) xəstəliyi, onun üfürməsini təkəbbürlük, təlqin etməsini isə batil şeir kimi izah etmişdir. (İrvaul-Ğalil, 2/56).

Milli.Az