Politoloq: «Ayətullah Xomneyinin Ermənistana mesajı 20 ildən sonra «daldan atılan daş» oldu»

20 May 2010 10:06
"İranda islam dini deyil, xurafata uğramış bir siyasət var"


- Cümşüd müəllim, İran mətbuatının Azərbaycanla bağlı sərt ittihamlarının, barışmaz təbliğinin arxasında hansı təsirlər dayanır? Sizcə münasibətlərin gərginləşməsində erməni lobbisinin rolundan danışmaq olarmı?

- Son illər İran tərəfindən Azərbaycana qarşı səslənən ittihamlar kəskinləşib. Azərbaycanın İranla yüksək səviyyədə əməkdaşlıq etməsinə baxmayaraq, İranda hər zaman bu əməkdaşlığın səmərəli həyata keçirilməsinə mane olublar. İran Azərbaycanı İsrail və ABŞ-la əlaqələr qurduğuna görə ittiham eləməyə çalışır, özü isə Ermənistanla sıx əməkdaşlıq edir, hətta Ermənistana hər cür yardımlar edir. Hesab edirəm ki, bu münasibətin arxasında tamamilə başqa məqsədlər durur.
Mən İran tərəfindən Azərbaycana qarşı sərgilənən qərəzli münasibətin erməni lobbisinin təsiri ilə baş qaldırması fikirlərilə razı deyiləm. Əslində, İranda böyük, güclü erməni lobbisi yoxdur.
Bu gün Rusiya Ermənistandan öz imperiya maraqları üçün istifadə edir və erməni lobbisinin güclü olduğunu göstərmək üçün dəridən-qabıqdan çıxır. Eyni siyasət ABŞ tərəfindən də aparılır. Düşünürəm ki, İran da Azərbaycanla bağlı maraqlarını Ermənistan müstəvisində həyata keçirməyə çalışır. Hesab edirəm ki, İranın bu münasibətinin arxasında qorxu dayanır. Bu qorxu ABŞ-ın İranı parçalamaq haqqında hazırladığı proqramından sonra meydana gəlib. Amerikanın 1997-ci ildə hazırladığı bu proqram faş olunandan sonra İran Azərbaycanı daha çox qısqanır və qorxur.
Bütün bunların arxasında erməni lobbisi deyil, İranın həmin məkrli siyasəti durur. İran bu siyasəti erməni müstəvisinə keçirib, Azərbaycana qarşı istifadə edir. Biz sox gözəl bilirik ki, İsrail-Azərbaycan münasibətləri hansı müstəvidə inkişaf edir. İsrail özü elə böyük dövlət deyil ki, İranın qarşısında dursun. İran özünü qorumaqla məşğuldur. İran, həmçinin Qurani Kərimdə olan Əl-bəqərə, Əli-İmran, Məryəm surələrində yəhudilərlə bağlı deyilən fikirləri  siyasiləşdirir. Əslində İranda islam dini deyil, xurafata uğramış bir siyasət var. Bu, islamın əleyhinə aparılır. İslam həddən artıq sülhsevər, insanpərvər bir dindir.

"İran Azərbaycana münasibətində səmimi deyil"


İran iqtidarı Möhsüm Musəvinin rəhbərliyi ilə geniş vüsət alan xalq hərəkatından da qorxuya düşüb. Onlar buna görə də Azərbaycanı günahkar bilirlər. Hesab edirlər ki, bu hərəkat elektron vasitələrlə İrana Azərbaycandan ötürülüb. Azərbaycan İranın əleyhinə təbliğat aparmır. İran yadına salmalıdır ki, Azərbaycan özü üçün nə qədər çətin olsa da iki vacib qanun qəbul etdi. O qanunlardan biri hər hansı xarici dövlətin Azərbaycan ərazisində hərbi bazasının olmaması, digəri isə Azərbaycan ərazisindən başqa bir dövlətə hücum etməməklə bağlıdır. Bu qanunlar əslində Azərbaycan-ABŞ münasibətlərində gərginlik yaratdı. Bütün bunlara baxmayaraq, Azərbaycan İranı nəzərə aldı. Amma İran cavabında heç bir şey vermədi. Əksinə, istər "Səhər" kanalında, istərsə də digər çap KİV-lərində Azərbaycan əleyhinə olmazın böhtanlarla məşğuldular.
Ümumiyyətlə, İran Azərbaycana qarşı münasibətdə səmimi deyil. Bölgədə Azərbaycan-Türkiyə münasibətlərinin yaxınlaşması da İranı bir qədər qıcıqlandırır. İran təklif etdi ki, bölgədə Tükiyə, Rusiya, İran da daxil olmaqla  "altılıq" təşkil olunsun. Amma bu, mümkün olan bir şey deyildi. Çünki burada Ermənistan da var idi. Ermənistan isə işğal etdiyi əraziləri tərk eləməlidir. Belə bir şəraitdə İran KİV-ləri altılığın Azərbaycan tərəfindən pozulması barədə çıxışlar edir. İran tərəfindən elə fitnə-fəsadlar deyilir ki, Azərbaycan özü fikirləşsə ağlına gəlməzdi. İran bu xislətinə görə Ermənistana bənzəyir. Buna başqa ad tapmıram.
Bu gün İran Azərbaycana şiə inqilabı ixrac etmək istəyir. Azərbaycanda bu mümkün deyil. Çünki biz bu siyasəti qəbul eləmirik və bizdə sünni-şiə məsələsi sıfır həddindədir. İslam necə varsa, onu o cür dərk edirik. Bütün hallarda şiə inqilabı Azərbaycana ixrac oluna bilməyəcək. Bu da İran tərəfindən böyük bir faciə kimi qəbul edilir. İranda həm də ondan narahatdılar ki, Azərbaycan bu gün nəinki bölgədə, hətta yavaş-yavaş dünyanın demokratik dövlətinə çevrilməyə başlayıb. Dünya siyasətçiləri Azərbaycanı bir örnək kimi qəbul edirlər.


"Tehranın mərkəzində erməni kilsəsi var, İran erməniləri öz dillərində oxuyur, amma 35 milyonluq azəri türkünün öz dilində məktəbi yoxdur"


- Bir neçə gün əvvəl İranın dini rəhbəri Ayətullah Xomneyninin hökumətə müraciət edərək Dağlıq Qarabağla bağlı hər hansı bir işin aparılmasını cinayət hesab etməsi barədə verdiyi bəyanat nə dərəcədə yerində verilmiş və labüd idi? İranın dini liderinin bu bəyanatı İranın Ermənistana münasibətində hansısa təsirə səbəb olacaq?

- Görünür, dini rəhbərin Azərbaycanla bağlı belə bir bəyanatla çıxış etməsi əbəs deyil. Əslində, Ayətullah Xomneynin bəyanatı siyasi bir gedişdir və çoxdan verilməli idi. Bəyanat İranda azərbaycanlıların narahatlığının pik nöqtəyə çatdığını göstərir. Bu bəyanatla onlar bir növ odun üzərinə su səpdi. Bu həmin Xomneyidir ki, uzun müddət idi susmuşdu. Hələ Sarkisyan İrana gələndə Mahmud Əhmədinejad onu qucaqlayıb öpmüşdüsə, o da bunu qəbul etmişdi. Ayətullah Xomneyi belə bir mesaj verməklə həm Azərbaycanla münasibətləri yaxşılaşdırmış, həm də Ermənistanın Amerikada atdığı səhv addıma görə ona bir mesaj vermiş oldu. Bu, həm də 20 ildən sonra "daldan atılan daş" kimi bir şeydir. Ona görə də hələlik bunun elə bir effekti yoxdur. Amma düşünürəm ki, bu bir təzyiq forması kimi işləyə bilər.
İranın daxilində dini rəhbərlə Əhmədnejad arasında münasibətlər xeyli pisləşib. Çünki İran konstitusiyasına görə, orda Azərbaycan dili ilə bağlı həll edilməsi nəzərdə tutulan məsələlər öz həllini tapmayıb. İranda 180 min erməni var və onların parlamentdə təmsilçiləri var. Müsəlmançılıqdan danışan İran düz Tehranın mərkəzində ermənilər üçün böyük kilsənin fəaliyyət göstərməsi üçün şərait yaradıb. İran erməniləri öz dillərində oxuya bilirlər, amma 35 milyon azəri türkünün öz dilində bir məktəbi belə yoxdur.


"İran münaqişənin həlli prosesində həmişə pozucu rol oynayıb"


- Cümşüd müəllim, təhlillər göstərir ki, Dağlıq Qarabağ münaqişəsi və onun uzanmasında maraqlı olan dövlətlər - ABŞ, Rusiya, Fransa Cənubi Qafqazda möhkəmlənmək iddiası ilə çıxış edir və müxtəlif variantlara əl atırlar. Cənubi Qafqazda aparılan bu siyasətdə İran hansı mövqeni seçib? Digər tərəfdən İranın Dağlıq Qarabağ məsələsində vasitəçiliyi nə dərəcədə mümkün ola bilər?

- Son bir neçə gündə baş verən hadisələrə diqqət edək. Rusiyanın prezidenti Dmitri Medvedyev Brazilyaya gedəndən sonra, Brazilyanın prezidenti İrana gəlir və ipə-sapa yatmayan Mahmud Əhmədinecatın razılığı ilə Türkiyə oyuna dəvət olunur. Rusiya bölgədə bunu birbaşa edə bilməzdi. Türkiyə ilə müqavilə bağlanandan sonra Türkiyə-Rusiya sazişi gündəmə gəldi. Artıq bunlar iqtisadi sahədə bir-birinə elə inteqrasiya ediblər ki, qarşılıqlı maraqlar hər iki dövlət tərəfindən qorunmalıdır. İranın Rusiya tərəfindən bölgədə paritet olaraq gündəmə gətirilmə cəhdləri var. Amma İranın bu şəkildə gündəmə gətirilməsinin başqa bir səbəbi də var. İranın kuluarlarında gedən söhbətlərdən görünür ki, onların ən çox qorxduğu şey Azərbaycan-İran sərhədinə beynəlxalq güclərin gətirilməsidir. ABŞ bunu istəyir. Yerevanda rəsmi erməni saytları etiraf edir ki, vaxtilə azərbaycanlıların yaşadığı məhlələrin hamısını cənublular alıb. İran bu məsələdə gecikib və bu gün İranın cənubunda azərbaycanlıların farslar tərəfindən sıxışdırılması prosesi gedir. İran indi çalışır ki, özünü bölgədə hakim kimi təbliğ eləsin. Amma İran bölgədə oyunçu ola bilməyəcək. O ki qaldı İranın Dağlıq Qarabağla bağlı mövqeyinə, hesab edirəm ki, bu dövlət münaqişənin həlli prosesində həmişə pozucu rol oynayıb. Məhz mərhum Heydər Əliyev hakimiyyətə gələndən sonra, atəşkəs əldə olundu və ermənilərlə danışıqlara gedildi. 1997-ci ildə Heydər Əliyev Dəmirçiyanla məsələni həll etmişdi. Bu da İran kəşfiyyatı tərəfindən pozuldu. Ona görə də inanmıram ki, Azərbaycan nə vaxtsa İranın sülhpərvər missiyanı həyata keçirəcəyinə inansın. İran münaqişənin həllində vasitəçi ola bilməyəcək. Çünki İran maraqlı tərəfdir. Bizə Rusiyanın vasitəçiliyi daha sərfəlidir. Çünki İranın məkrinin arxasında başqa şeylər durur. İranın əsas məqsədi Türkiyəni bu oyundan vurub çıxarmaq idi. Burda da ermənilərin rolu var. Çünki bu gün BMT-nin təhlükəsizlik şurasına sədrlik Türkiyəyə keçib. Türkiyə Rusiya ilə müttəfiqdir, NATO-nun üzvüdür və İranın bu məsələlərdə qısqanclıq hissi daha da artır.


"Türkiyə İranı şiə inqilabını Azərbaycana ixrac etməkdən çəkindirə bilər"


- "Erməni soyqırımı" məsələsinin ABŞ konqresində müzakirəyə çıxarılmasından sonra İran-Türkiyə münasibətlərinin yaxşılaşması müşahidə olundu. Artıq Türkiyə İranı nüvə enerjisi ilə əlaqədar sanksiyadan xilas etmək üçün addımlar atır. Bunu Türkiyənin manevri hesab etmək olar?

- İranın nüvə əldə etməsi hələ ki, sıfıra bərabərdir. Hazırda İranın özündə olan avadanlıq uranı yalnız beş faizə qədər zənginləşdirə bilər. İranın apardığı saflaşdırma işi bu sürətlə gedərsə, hələ İranın nüvəyə sahib olması 20 il çəkəcək. İranın 20 faizə qədər saflaşdırılmış uranı Türkiyə ərazisinə təhvil verməsi hələlik Türkiyənin özünə xeyir gətirən bir şey deyil. Amma gələcəkdə ola bilsin ki, Türkiyə bundan yararlansın. İnanmıram ki, Rusiya buna imkan versin. Əslində Türkiyənin ərazisində heç bir elmi-tədqiqat işi aparılmadığına görə, indi Rusiya orda özü Atom Elektrik stansiyası tikdirmək istəyir. Rusiya Türkiyəni bu oyuna ona görə dəvət etdi ki, NATO-nun bir üzvü kimi İranla digər dövlətlər arasında vasitəçi olsun.

- Sizcə, Türkiyə ilə İran arasında nüvə əməkdaşlığı İranın Azərbaycana münasibətində hansısa dəyişkənliyə səbəb ola biləcək?

- Türkiyə-İran münasibətlərindəki yumşalmanın Azərbaycana da təsiri olacaq. Münasibət dəyişəcək, İranın başqa çıxış yolu yoxdur. Azərbaycan hazırda Türkiyənin enerji resurslarının, xüsusilə Şahdəniz-2 yatağından çıxan qazla bağlı danışıqları davam etdirir. Artıq prezident bu barədə öz fikrini bildirib. Türkiyə qazı həm Rusiyadan, həm də Azərbaycandan ucuz qiymətə alır. Deməli, Türkiyə burada təkcə tranzit ölkə olmur. Türkiyədən İsrailə qaz ötürülməsi məsələsi də var. Bunu İranın necə qarşılamasını deyə bilmərəm, hər halda, İran Türkiyədən asılı vəziyyətdədir və düşünürəm ki, bu yaxınlaşmanın Azərbaycana da təsiri olacaq. Düşünürəm ki, Türkiyə Qarabağ məsələsində İranı bir növ zərərsizləşdirə biləcək. Çünki Türkiyə bölgədə yeni oyunçudur. Siyasi oyunçunun hansısa bir ciddi addımı olmalıdır. Rusiya İrandan sonra Türkiyəni də oyunçu etdi və Qarabağla bağlı məsələnin həlli Türkiyəyə nüfuz gətirə bilər. Türkiyə İranı şiə inqilabını Azərbaycana ixrac etməkdən çəkindirə bilər. Amma o da var ki, artıq Türkiyə özü bürünməyə başlayırsa, İranın nəyisə Azərbaycana ixrac etməsinə ehtiyac qalmır.


"Bu maddənin qəbul olunması böyük dövlətlərin maraqlarına ziddir"


- Cümşüd müəllim, NATO İranın nüvə proqramına qarşı nəzərdə tutduğu 10-cu maddəni yenə də müzakirəyə çıxarır. Alyansın həmin maddənin qəbulunda israrlı olmaqla yanaşı uzun müddətdən bəri buna nail ola bilməməsi nə ilə bağlıdır? Nə baş verir, dünyanın siyasi nüfuz dairəsinə görə yenidən bölüşdürülməsində ABŞ jandarm rolunu oynaya bilmir?

- Amerikanın əsas məqsədi o idi ki, İrana hava sistemini, bank sistemini, kommunikasiya sistemini bağlasın və tranzit yüklərin ordan keçməsinə qadağa qoysun. Bu, İranın bir dövlət kimi çökməsidir. Amma Rusiya, Almaniya, İngiltərə bu layihədən kənarda qalır. Çünki İngiltərə ABŞ-ın dünyanın ağasına çevrilməsini istəmir. Uzun müddət imperiya olan İngilis imperiyası indi də həmin ambisiyalarından əl çəkmir. Ona görə də bu maddənin qəbul olunacağına inanmıram. Çünki bu, böyük dövlətlərin maraqlarına ziddir. ABŞ bölgədə cığal dövlət statusu ilə çıxış edən İsraili ram etmək istəsə də, bu da alınmır. Çünki Obama həddən artıq zəif siyasətçidir. ABŞ-ın əsas siyasətini yürüdən yəhudi lobbisidir. Bu maddəyə əsasən İsrail-Fələstin münasibətlərində irəliləyişlərin olacağına inanmıram. Çünki hazırda İsrailin əsas siyasi xəttini yürüdən şəxslərin hamısı anti-ərəb siyasəti yürüdürlər. Məsələ ondadır ki, Fələstindən başqa 21 ərəb dövləti var və bu ərəb liqası indiyə qədər ortaya bir iş qoya bilməyib. Yəni bu qədər maliyyə imkanı olan dövlətlər hələ bir Fələstin üçün heç nə edə bilməyiblər, bunlar müsəlman dünyası üçün nə edəcəklər. Yeganə ümid qalır Türkiyəyə. Türkiyə-İsrail münasibətlərinin kəskinləşməsinin də arxasında ABŞ-ın bu maraqları durur. ABŞ oyunçunu dəyişdi. Yəni cığal övlad İsraili ələyatımlı Türkiyə ilə dəyişdi. Hələlik bu siyasət ABŞ-a sərf edir. Yaxın 3-5 ildə bu siyasətin dəyişəcəyi inandırıcı görünmür. Çünki Türkiyə artıq elə bir statusdadır ki, bunu artıq Rusiya da qəbul edir. Yəni Türkiyə uzun müddət Qafqaz oyununa girişsə də, sonra təcrid olundu. 2008-ci il Gürcüstan hadisələrindən sonra Türkiyənin üzərindən xətt çəkmişdilər. İndi Türkiyə Rusiyanın razılığı ilə yeni bir oyunçu kimi meydana gəlib. Rusiya Türkiyəni Amerikadan qoparmağa çalışır. Ərdoğan hər ikisi ilə oynayır. Amma bu oyunun nə qədər davam edəcəyini deyə bilmərəm. Bütün hallarda indiki status Türkiyəyə sərf edir. Türkiyə öz problemlərini həll edir və bunun içərisində Azərbaycanla da bağlı müəyyən dəyişikliklərin olacağı gözlənilir.


"İranın su anbarını bizə tərəf açması fikirləri yanlışdır"


- Son vaxtlar İran Azərbaycanla bağlı ziddiyyətli fikirlərin müəllifi olmaqla yanaşı, həm də təkziblər vermək məcburiyyətində qalır. Həmçinin Azərbaycan ərazisində baş verən daşqınlarla bağlı yeni ehtimallar ortaya atılır. Belə fikirlər səslənir ki, İran tərəfinin Xudafərin körpüsü ərazisində olan su anbarındakı suyu normadan artıq buraxması da çayın daşması ilə bağlı fəsadların yaranmasında təsirini göstərib. Bu ehtimallar nə dərəcədə inandırıcıdır?

- Çox şeydə İranı qınamaq olar. Amma İranın təbii fəlakətdən yararlanıb, su anbarını bizə tərəf açması barədə fikirləri yanlış hesab edirəm. Çünki İranın Xudafərin körpüsü ərazisində böyük bir su hövzəsi yoxdur. Orada tikilən anbarın tutumu da elə böyük deyil. Orada balaca bir dəryaça var və heç oranı su ilə doldura bilmirlər.

- Cümşüd müəllim, bəllidir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində danışıqların predmeti olaraq bir çox prinsiplər önə çəkilir. Artıq Madrid sənədi yenidən müzakirə olunur və müəyyən razılaşmaların əldə olunduğu barədə fikirlər də var. Eyni zamanda mötəbər kürsülərdə bu gedişlə danışıqların dayanacağı ehtimalı da səslənib və ATƏT-in Minsk qrupundan kəsərli fəaliyyət göstərməsi tələb edilir. Sizcə belə bir mötəbər mövqenin ortaya qoyulması münaqişənin həllində maraqlı görünən güc dövlətlərinin nəhayət bölgədə razılığa gəlmələri üçün tramplin ola biləcək?

- Düşünürəm ki, Ermənistan müxtəlif vasitələrlə danışıqların uzadılmasına çalışacaq. Köçəryanın birdən-birə baş nazir olmaq istəyi və 35 ildir susan "Assala" təşkilatının "biz qalib gələcəyik" bəyanatını verməsi, Ermənistanda yaranmış hazırki durum, məndə o fikri yaradır ki, Ermənistan danışıqlar prosesini yenidən pozacaq. 1997-ci ildə olduğu kimi Ermənistanda terror hadisəsi də baş verə bilər. Hazırda Azərbaycan dövlətinin apardığı siyasət Ermənistanı çıxılmaz vəziyyətə salıb. Ermənistan bütün sahələrdə uduzur. Hesab edirəm ki, münaqişənin həll olunması üçün böyük dövlətlərin arasında razılaşma var. Amma ABŞ çalışır ki, Ermənistanı Rusiyadan qoparsın. Rusiya isə vermək istəmir. Yəni ABŞ-la Rusiyanın maraqları Ermənistan üzərində kəsişdiyinə görə, Qarabağ məsələsinin uzadılması hər ikisinə sərf edir. Ona görə də ABŞ-la Rusiya prosesi uzatmaq üçün ATƏT-in Minsk qrupunda həmsədrlərini dəyişdirdilər. Onlar bu dəyişikliklə guya nəsə bir yenilik ab-havası yaratmaq istəyirlər. Bununla yanaşı, müharibə taktikası bunları narahat etməyə bilməzdi. Amma Azərbaycan Gürcüstanın siyasətini yürütməməlidir. Vaxtilə Amerika Gürcüstanı qızışdırıb müharibəyə təhrik elədi, amma arxasında durmadı. Rusiya isə istədiyini etdi.


"Müxalifətin məqsədi indidən xaricə mesaj verməkdir"


- Cümşüd müəllim, parlament seçkisi yaxınlaşır. Sizcə müxalifət düşərgəsindəki siyasi partiyaların seçki prosesində marağı özünü nə dərəcədə büruzə verir? Müxalifətin seçkilərlə bağlı münasibətlərində yenilənmələr varmı, gözləntilər nədir?

- Dörd ildir ki, danışmayan, milləti yadından çıxaran, adı millət vəkili olan adamlar, artıq yanvar ayından bu yana fəallaşmağa başlayıblar. Bəziləri iqtidara hücum edir, bəziləri iqtidara yarınmağa çalışır, susqunlar da elə susublar. Əslində nə danışacaqlar, danışmağa sözləri də yoxdur. Onsuz da Azərbaycanda müxalifət hər seçkidən seçkiyə xaricin dəstəyi ilə dirçəlməyə başlayır. Amma ölünü komadan ya bir, ya da iki dəfə çıxarmaq olar. Azərbaycan müxalifətinin üçüncü dəfə komadan çıxacağına inanmıram. Çünki həm 2003, həm 2008 seçkilərində bunlar bir növ komaya düşmüşdülər. Parlament seçkilərində 22 nəfər müxalifət nümayəndəsi seçilmişdi. Bu hansı yolla olmuşdu, bunu bir kənara qoyaq, hanı o 22 nəfər müxalifət? Bu seçkilərdə də müxalifətdən fəallaşma gözləmirəm. İndi artıq seçkilərə qatılmaq üçün müxtəlif dairələrdən müraciət ediblər. İsa Qəmbər yaşadığı ərazidən yox, Yasamaldan namizədliyini vermək istəyir. Onlar bir növ reanimasiyadan palataya köçməyə çalışırlar. "Həkimdən" çox şey asılıdır. Qıraqdan gələn "həkimləri" güclü olacaqsa, parlamentdə hardasa 5-10 yer alacaqlar. Yox, "həkimlər" bunlardan üz döndərsələr, bunlar elə aparata bağlı, komada qalacaqlar. Nəfəs alırlar, amma canları yoxdur. İndiki müxalifətin vəziyyətini ancaq buna bənzətmək olar. Onların bir-birini ittihamından başqa heç bir fəaliyyətləri yoxdur. Arxalarında 5-10 nəfərdən başqa heç kim qalmayıb. Çoxlarının bir qovluğudur, bir özü.

- Cümşüd müəllim, Milli Məclisdəki müxalif deputatların birdən-birə fəallaşmasını, İsa Qəmbərin öz namizədliyini Yasamaldan verməsini niyə istehzayla qarşıladınız?

- Bu deputatlar bir növ iqtidara mesaj verirlər ki, məni seçməsəniz o tərəfə keçə bilərəm. Amma onların hansı tərəfdə olmasının heç bir qorxusu da yoxdur. Çünki saat 5-ə qədər müxalifətdə olsalar da, saat 6-dan sonra iqtidardılar. İsa Qəmbər yerini ona görə dəyişir ki, o iqtidarın Gülər Əhmədovaya yer verməyəcəyini düşünür. Namizədlərin siyahısına baxdım, iki-üç nəfər rayonlardan verir. Qalan hamısı, başda Arif Hacılı olmaqla, Bakıdan kənara çıxmırlar. Hesab edirəm ki, Səbail, Nəsimi, Yasamal, Əzizbəyov, Nərimanov dairələrindən namizədliklərini verən müxalif namizədlərin seçilmə ehtimalları sıfıra bərabərdir. Burda müxalifətin əsas məqsədi indidən xaricə mesaj verməkdir. Bakıdan onlara səs verən olmayacaq. Çünki onları heç kəs tanımır, qəbul etmir. Hələ ortada bir şey yoxdur, Pənah Hüseynlə İlqar Məmmədov bir-birin qırır ki, nəyə görə ikisi də bir dairədən gedir. İlqar Məmmədov deyir ki, nəyə görə Pənah Hüseynov Sabirabaddakı seçicilərini satıb, gəlib namizədliyini Nəsimi dairəsindən verir. Bütün bunların hamısı bizə tanış mahnılardır. Birinci dəfə tanış olmayan mahnıya bəlkə də oynamaq olar. Amma Azərbaycan müxalifəti 20 ilə yaxındır eyni mahnıya oynadığı  üçün bezdiricidilər. Müxalifətin bütün işi hələ ki, xaricdən idarə olunur. Bu faktdır.

Tahirə Qafarlı
Milli.Az