"30 qadın əyləşmişdi, qorxudan..." - Şahid Bərdədəki yas evinin necə uçduğundan DANIŞDI

23 Noyabr 2023 16:38

"Xəsarət alanlar arasında vəziyyəti ağır olan yoxdur, bir nəfər kənd sakini ölüb".

Milli.Az xəbər verir ki, bu barədə Oxu.Az-a Bərdədə yas mərasimi keçirilən evin döşəməsinin çökməsi ilə əlaqədar danışarkən RİH başçısının Yeni Daşkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Sabir Cahangirov məlumat verib.

İcra nümayəndəsi özünün də yas yerində olduğunu bildirib və hadisənin təfərrüatlarını danışıb:

"Ev sahibi Əliyev Əliyar Əliş oğlunun yasına yığışmışdıq. 65 yaşı var idi.

Evin yuxarı mərtəbəsində 30 nəfərə yaxın qadın əyləşmişdi. Say çox olduğundan, döşəmə çöküb. Evin birinci mərtəbəsi zirzəmi kimi istifadə edilir və hündürlüyü iki metrdən yüksəkdir. Aşağı mərtəbədə heç kim olmayıb. Bizdə olan məlumata görə, xəsarət alanların arasında vəziyyəti ciddi olan yoxdur. Sadəcə mərasimdə iştirak edən qadınların bir çoxu qorxudan huşunu itirib, bəziləri isə xəstəxanaya yerləşdiriliblər.

Yas mərasimində iştirak edənlərin hamısı kənd sakinləridir".

İcra nümayəndəsi evin köhnə tikili olmadığını da vurğulayıb:

"Ev yeni tikilib, köhnə deyil. Sadəcə döşəmənin yükü çox olub, ona görə çöküb. Ev sakinləri xəsarət almayıblar".

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun