Hollandiya Baş naziri Mark Rutte gələn il NATO baş katibi Yens Stoltenberqi əvəzləyə bilər. Hollandiya rəhbəri alyansın əsas postu uğrunda mübarizədə eston həmkarı Kaya Kallası da geridə qoyaraq önə çıxıb.
Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bu barədə "Blumberq" agentliyi məlumat yayıb.
Mübarizəyə çoxlu sayda namizədin qatılacağına dair hələ qərar verilməsə də, 56 yaşlı Rutte Stoltenberqin səlahiyyət müddəti başa çatdıqdan sonra vəzifəyə keçmək üçün artıq bir çox müttəfiqindən dəstək alıb.
Rutte Hollandiyanın baş naziri vəzifəsində 13 illik fəaliyyətini başa vurur. Bu gün keçirilən seçkilərin nəticələrinə əsasən yeni kabinet formalaşdıqdan sonra siyasətdən gedəcəyini açıqlayıb.
Agentliyin məlumatlı mənbəsi iddia edir ki, məsələ ilə əlaqədar Hollandiya və ABŞ hökumətləri arasında danışıqlar aparılıb. Rutte isə amerikalı həmkarları ilə birbaşa əlaqə saxlamayıb.
Mənbə iddia edir ki, Rusiya-Ukrayna müharibəsi uzanacağı üçün NATO baş katibinin rolu kritik olaraq qalacaq.
"NATO rəhbəri alyansla Rusiya arasında daha geniş eskalasiyadan qaçmalıdır", - məlumatda deyilir.
NATO baş katibi vəzifəsinə digər iddiaçılar yuxarıda adı çəkilən Kaya Kallas və Latviya xarici işlər naziri Kristianis Karinsdir. Onlar bir müddət əvvəl bu rolu qəbul etməyə hazır olduqlarını bəyan ediblər.
"Baltikyanı dövlətlərin alyansa rəhbərliyinin Moskva tərəfindən aqressiv qərar kimi görünəcəyi üçün həm Karins, həm də Kallas problemlərlə üzləşə bilər", - agentlik qeyd edir.
Milli.Az