Bakıda keçirilən qadınların hüquqlarına dair beynəlxalq konfrans yekunlaşıb - FOTO

21 Noyabr 2023 19:20

Bakıda keçirilən "Qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması" mövzusunda beynəlxalq konfrans noyabrın 21-də öz işini panel müzakirələrlə davam etdirib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, konfransın ilk panel müzakirəsi "Qadın: parlaq gələcəyə aparan yol" mövzusu ətrafında olub.

Müzakirələrinin açılışında çıxış edən Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, qadınlar öz fərqli baxışları, səmimiyyəti, enerjisi və gücü ilə bizə ilham vermək və dünyamızı işıqlandırmaq qabiliyyətinə sahibdirlər. Təəssüf ki, bu gün dünyamız hələ də qadınların həyatına son dərəcə mənfi təsir göstərən bir-biri ilə sıx əlaqəli olan bir sıra böhranlarla üzləşir. Bütün bunlar gender bərabərliyinə nail olmaq və qadınları gücləndirmək sahəsində hələ də maneə olaraq qalmaqdadır.

Bütün çətinliklərə baxmayaraq, gender bərabərliyinin və qadınların səlahiyyətlərinin artırılmasının beynəlxalq siyasi və sosial gündəmin ayrılmaz hissəsinə çevrildiyini görməyin sevindirici hal olduğunu deyən Sahibə Qafarova, bunun bərabər hüquqlara və bərabər imkanlara əsaslanan daha yaxşı cəmiyyəti qurmaq üçün vacibliyini vurğulayıb.

Sahibə Qafarova bildirib ki, Azərbaycanda qadınlar ölkənin ictimai həyatının bütün sahələrində fəal iştirak edir, yüksək rəhbər vəzifələr tuturlar. Bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın həyata keçirdiyi möhtəşəm ictimai və siyasi fəaliyyət qadınların cəmiyyətimizin və ölkəmizin inkişafına verdiyi dəyərli töhfələri təcəssüm etdirir.

Milli Məclisin sədri parlaq gələcəyin qurulmasında qadınların həlledici rolunu vurğulayıb, birgə səylər və fəaliyyətlərin əlaqələndirilməsi olmadan gender bərabərliyini təmin etməyin, dinc, ədalətli və inkişaf etmiş cəmiyyətin qurulmasının getdikcə çətinləşəcəyini bildirib.

Özbəkistanın Baş nazirinin müavini, Ailə, Qadın Komitəsinin sədri Züleyxa Məhəmova çıxışında ölkəsində qadınların və kişilərin səlahiyyətlərinin və hüquqlarının bərabər təminatı üçün addımların atıldığını, islahatların aparıldığını deyib. İctimai-siyasi həyatda, ciddi qərarların qəbulunda qadınların rolunun danılmaz olduğunu söyləyən Baş nazirin müavini qeyd edib ki, Özbəkistanda millət vəkillərinin 33 faizi, siyasi partiya üzvlərinin 46 faizi qadınlardır.

"Xoşbəxt qadın xoşbəxt cəmiyyət deməkdir və biz bu istiqamətdə çalışmalıyıq", - deyə Züleyxa Məhəmova əlavə edib.

Panel müzakirələrdə çıxış edən Uqandanın əmək və sosial inkişaf naziri Betti Amongi Ongom parlaq və uğurlu gələcək naminə qadınların rolundan danışıb, onların statusunun və hüquqlarının tanınmasının əhəmiyyətini qeyd edib. O, qadın hüquqları üzrə fəalların gördükləri işlərin vacibliyinə diqqət çəkib və bunun cəmiyyəti ilhamlandırdığını söyləyib.

Uqandalı nazir deyib ki, mövcud olan imkanlardan və gücdən qadınların hüquqlarının, gender bərabərliyinin təşviqi, onlara bərabər imkanların təminatı üçün istifadə edilməlidir. Qadınların təməl hüquqlarının təminatı üçün dövlət institutları dəstək verməlidir. O, həmçinin qeyd edib: "Qadınlar parlaq gələcəyə aparan qüvvədir, biz qadınların, qızların hüquqlarını, təhsilə çıxışlarını təmin etməliyik, onların iqtisadi azadlığı uğrunda çalışmalıyıq".

Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva çıxışında Azərbaycanda qadınların hüquqlarının qorunması istiqamətində görülən işlərdən bəhs edib. Bildirib ki, bu gün Azərbaycanda dövlət qeydiyyatına alınmış 4000-ə yaxın qeyri-hökumət təşkilatından təxminən 40 faizinin rəhbəri qadınlardır.

Aygün Əliyeva, həmçinin rəhbəri olduğu Agentliyin sözügedən istiqamət üzrə gördüyü işlər, dəstəklədiyi layihələr barədə məlumat verib: "Agentliyin əsas fəaliyyət istiqamətlərindən biri də QHT-lərin təşəbbüs və ideyalarına maliyyə yardımının göstərilməsidir. Belə ki, 2021-2023-cü illər ərzində Agentlik ümumilikdə 8 qrant müsabiqəsi keçirib. Belə ki, 2021-ci ildə qrant müsabiqələrində "Ailə, qadın, uşaq və gender məsələləri" istiqaməti üzrə 38 layihə, 2022-ci ildə bu istiqamət üzrə 45 layihə, 2023-cü ildə isə 56 layihə maliyyələşdirilib. Bundan başqa "Məişət zorakılığına qarşı mübarizə və qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması təşəbbüsləri" xüsusi qrant müsabiqəsi mövzusu olub və 55 layihə maliyyə dəstəyi alıb. Ümumilikdə Agentlik yarandıqdan sonra - 2021-ci ildən bu günə qədər qadınlarla bağlı müxtəlif mövzularda 194 layihəyə maliyyə vəsaiti ayrılıb".

Tədbirdə çıxış edən Fransa kolonializminə qarşı Bakı Təşəbbüs Qrupunun üzvü Ella Tokoragi bu gün qadınların öz hüquqları uğurunda mübarizə apardıqlarını deyib. Qadınların bir sıra istiqamətlərdə səlahiyyətləndirilməsinin əhəmiyyətini vurğulayan Ella Tokoragi Fransız Polineziyasında bəzi məsələlərə diqqət çəkib: "Onların səhiyyə xidmətlərinə əlçatanlığı təmin olunmalıdır. Pandemiya Fransız Polineziyasında çox pis idarə olundu, 260 min əhalisi olan ölkədə böhran yaşandı. Fransanın bizim ərazilərimizdə öz məqsədləri üçün bomba sınaqları həyata keçirməsi əhalinin sağlamlığına mənfi təsir göstərib, insanlar arasında xərçəng xəstəliyi yayılıb".

Panel müzakirələrlə davam edib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun