"Avtomatlaşdırılmış Risk Analizi Sistemi dekabrda istifadəyə veriləcək"

20 Noyabr 2023 14:05

Xarici ticarət və biznesin idarə edilməsində mühüm rol oynayan bir neçə alət tərəfimizdən istifadəyə verilib. Bunlardan elektron hesab səhifəsinin tətbiqi, gömrük biznes subyektləri arasında münasibətlərin vahid elektron bildiriş əsasında təşkil edilməsi və digər bu kimi vacib alətlər artıq istifadədədir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov jurnalistlərə açıqlamasında deyib.

Şahin Bağırov vurğulayıb ki, forumda əsas məqsəd yeni alətlər olan "Transxəzər gömrük tranzit portalı", "Süni intellekt əsaslı avtomatlaşdırılmış risk analizi sistemi", "Səlahiyyətli iqtisadi operator proqramı" və "Smart-Bot" mobil tətbiqi kimi konseptual layihələri sahibkarlara təqdim etməkdir.

"Həmçinin, yeni Avtomatlaşdırılmış Risk Analizi Sisteminin (ARAS) bu gün təqdimatı baş tutdu. Dekabr ayında ARAS artıq istifadəyə veriləcək. Qeyd olunan layihələr biznes subyektləri üçün asan, şəffaf, təhlükəsiz və sadələşmiş gömrük həllərini bir araya gətirir.

Dövlət Gömrük Komitəsinin əsas hədəfi gömrük orqanlarının fəaliyyətində şəffaflığın yüksəldilməsi, sahibkarlığın və vətəndaş məmnuniyyətinin artırılması, rəqəmsal gömrük sisteminin yaradılması, büdcə ödənişlərində gömrük daxilolmalarının dayanıqlılığının təmin edilməsi və daha güclü, güvənli hüquq- mühafizə tədbirlərinin həyata keçirilməsidir", - deyə Şahin Bağırov əlavə edib.

Qeyd edək ki, Bakıda Ümummilli Lideri Heydər Əliyevin 100 illiyinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində "Gömrük-Biznes Forumu 2023" başlayıb.

Prezident İlham Əliyev tərəfindən ölkəmizin dayanıqlı inkişafı istiqamətində həyata keçirilən irimiqyaslı iqtisadi islahatlar çərçivəsində gömrük xidməti tərəfindən reallaşdırılan layihələrin vətəndaşlara və biznes subyektlərinə çatdırılması üçün təşkil edilən forumun əsas məqsədi gömrük və biznes əməkdaşlığına Komitənin korporativ hesabatı, görüləcək işlərin anonsu və gerçəkləşdirilən layihələrdə fəal iştirak üçün biznes subyektlərinə çağırış, habelə yeni xidmət və məhsulların faydasından bəhs ediləcək işgüzar ortam yaratmaqdır.

Forumda Dövlət Gömrük Komitəsinin həyata keçirdiyi "Gömrük İnkişaf Modeli", "Transxəzər gömrük tranzit portalı", "Süni intellekt əsaslı avtomatlaşdırılmış risk analizi sistemi", "Səlahiyyətli iqtisadi operator proqramı" və "Smart-Bot" mobil tətbiqi layihələrinin təqdimatı olacaq.

Milli.Az 
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun