Fransa bu ölkələrin də gözündən düşdü - Makrondan diplomatları qıcıqlandıran səhv

16 Noyabr 2023 12:51

Ermənistanın bir müddət əvvəl Tel-Əvivə səfəri zamanı tərəfləri sakitləşdirmək əvəzinə münaqişəni daha da alovlandırmağı təklif etməklə sülh prosesi üçün "işəyaramaz" olduğunu isbatlayan Makrona ümidi tükənmir. Qərbə meyillənən Ermənistan onların oyunlarına alət olmaqdan yorulmur. Qərb Cənubi Qafqazda Rusiyanın mövqeyini zəiflətməyə çalışır. Ermənistan isə ona "yardım etməyən" Rusiyadan Qərb vasitəsi ilə sanki acıq çıxır. Halbuki, bu addımların Ermənistanın sonunu gətirəcəyini dərk etmirlər.

Fransa Ermənistanı silahlandırmağa davam edir. Onlar bu siyasətlə həm ermənilərin rəğbətini qazanırlar, həm də, münaqişəni gücləndirərək Cənubi Qafqazla bağlı digər məqsədləri üçün addım atmış olurlar. Qərb, xüsusilə də, Fransa çalışır ki, sülh müqaviləsi mümkün olduğu qədər uzansın, Orta Dəhlizin işinə mane olsun. Fransa bu kimi məqsədlərlə yanaşı eyni anda da silahlarını "sırımış" olur. Bu ifadə ona görədir ki, Ermənistana verilən 21 "Bastion" zirehli texnikası Ermənistanın coğrafi şəraiti üçün uğursuz texnikadır. Bunu hətta ermənilərin hərbi ekspertləri də təsdiqləyib.

Məlum olduğu kimi, Fransanın ərəb ölkələrindəki səfirləri birgə etiraz məktubu yazıb. Buna səbəb Makronun bir-biri ilə ziddiyyət təşkil edən açıqlamalarıdır. Fransanın Livan, Tunis, Mərakeş, Misir, İordaniya, İraq, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Küveytdəki səfirləri ölkə prezidenti Emmanuel Makrona "birgə nota" formatında məktub ünvanlayaraq İsrail-Fələstin münaqişəsində rəsmi Parisin tutduğu mövqeyə görə təəssüfləndiklərini bildiriblər. Səfirlərin fikrincə, Makronun İsrail-Fələstin münaqişəsindəki mövqeyi Parisin ərəb dövlətlərindəki nüfuzuna çox ağır zərbə vurur.

Fransanın XİN-nə və Yelisey Sarayına göndərilən məktub diplomatların səbrinin tükəndiyinin göstəricisidir. Onların fikrincə Makronun Yaxın Şərqdəki proseslərlə bağlı mövqeyi və regional siyasəti normallıqdan uzaqdır, balanslaşdırılmış strategiya ilə düz gəlmir. Sözügedən etiraz məktubu Makronun tək Cənubi Qafqazla bağlı yox, ümumiyyətlə digər ölkələrlə də bağlı düzgün mövqe nümayiş etdirmədiyinin sübutudur.

Özünü beynəlxalq hüququn təbliğatçısı, bölgədə sülh və sabitliyin tərəfdarı kimi təqdim edən Fransanın addımları təkcə Cənubi Qafqazda yox, eləcə də Yaxın Şərqdə də vəziyyətin gərginləşdirilməsinə xidmət edir. Son proseslər təsdiqləyir ki, Fransanın bölgədə yanlış maraqlardan çıxış edir və bu da Makron səbəbli ölkəni nüfuzdan salır.

Bəxtiyar Umarlı
Milli.Az