Vətəndaşlar kommunal və cərimə ödənişləri edərkən diqqətli olmalıdırlar. Çünki fırıldaqçılar yaratdıqları müxtəlif saxta platformalar vasitəsilə ödənişləri mənimsəyə bilər. Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti bununla bağlı çağırış edib.
Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, bu ilin 9 ayı ərzində 60-dan çox belə fakt qeydə alınıb.
Məlumata görə, kommunal xidmətlərin və ya cərimələrin ödənilməsi adı altında saxta səhifələr yaradılır. Məqsəd vətəndaşların marağını cəlb etməklə onları aldatmaqdır. Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətindən bildirilib ki, son 1 ayda kiberdələduzluq hallarında ciddi artım müşahidə edilir. Fırıldaqçılar asan gəlir əldə etmək üçün dövlət qurumları və ya ödəmə platformaları adından istifadə edirlər.
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin şöbə rəisi Nadir Novruzov bildirib ki, müxtəlif şirinikləşdirici vədlərlə vətəndaşlar adldadılaraq saxta ödəniş səhifələrinə yönləndirilir.
Şöbə rəisi deyib ki, belə kiberdələduzluq halları Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti
tərəfindən araşdırılır və ölkə üzrə bloklanaraq vətəndaşların dələduzların qurbanına çevrilməsinin qarşısı alınır. Onun sözlərinə görə, bu ilin 9 ayı ərzində 65 saxta domen müəyyən edilərək bloklaşdırılıb.
Nadir Novruzov əlavə edib ki, vətəndaşlar reklam olunan kampaniyalara qarşı həssas davranmalı, alınan məlumatları dəqiqləşdirməli və yalnız rəsmi səhifələrə etibar etməlidirlər.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun