Bu mərkəz Azərbaycanda yaradılıb - Nazir

15 Noyabr 2023 11:55

Qlobal çağırışlar fonunda ölkə iqtisadiyyatında bir çox ölkələrlə müqayisədə müsbət nəticələrə nail olunması, məhz möhkəm təməllərə əsaslanan milli iqtisadi inkişaf modeli ilə şərtlənir. Son 20 il ərzində (2003-2022) Azərbaycanda Ümumi Daxili Məhsul (ÜDM) 4 dəfə, adambaşına düşən ÜDM isə 3.2 dəfə artıb.

Milli.Az Trend-ə istinadən bildirir ki,  bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən Dayanıqlı İnkişafa dair 2-ci Bakı Forumunda deyib.

Nazir qeyd edib ki, ölkədə həyata keçirilən iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft-qaz sektorunun inkişafı, xüsusilə uğurlu sənayeləşmə siyasəti, sahibkarlığın inkişafı iqtisadiyyatın davamlı və dayanıqlı inkişafına öz töhfəsini verməkdədir:

"Ölkəmizdə iqtisadiyyatın inkişafına, ixrac potensialının artırılmasına, rəqabətqabiliyyətli məhsul istehsalına töhfə verən sənaye parkları fəaliyyət göstərir ki, son illər onların sırasına işğaldan azad edilmiş bölgələrimizdə fəaliyyət göstərən Ağdam Sənaye Parkı və Araz Vadisi İqtisadi Zonası da qoşulub.

Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycan bir sıra strateji nəqliyyat layihələrinin təşəbbüskarı kimi çıxış edir. Ölkəmizin təşəbbüsü və maliyyə dəstəyi ilə həyata keçirilən Bakı-Tbilisi-Qars dəmiryolu layihəsi 2017-ci ildə istismara verilib. Digər mühüm layihə Bakı Beynəlxalq Dəniz Ticarət Limanının fəaliyyətə başlamasıdır.

Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yanında yerləşən və müasir infrastruktura malik olan Ələt azad iqtisadi zonası yerli və xarici investorları cəlb etməklə yüksək əlavə dəyərli, ixracyönümlü məhsul və xidmətlər istehsalını təşkil edəcək, Azərbaycanın tranzit imkanlarını genişləndirəcək, yükdaşımaları artıracaq. Qeyd etmək istərdim ki, sosial-iqtisadi inkişaf strategiyamızda da ölkəmizin regio­nal haba və e-ticarət mərkəzinə çevrilməsi nəzərdə tutulur.

Dünya iqtisadiyyatında rəqəmsallaşma və bu xüsusda məhsuldarlığın əhəmiyyətli artımı keyfiyyətli və sürətli inkişaf üçün fürsətlər yaradır. Bu baxımdan, dövlət rəqəmsal infrastrukturun təkmilləşdirilməsinə investisiya qoyuluşunu artırıb. Rəqəmsal iqtisadiyyatın inkişafı üzrə strategiyanın hazırlanması və tətbiqi, inkişaf üçün tənzimləyici mexanizmin, əlverişli infrastrukturun yaradılması nəzərdə tutulur. Artıq ölkəmizdə Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi yaradılıb.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun