Qərb, xüsusilə Fransa Cənubi Qafqazda möhkəmlənmək üçün Ermənistandan istifadə etməyə davam edir. Onların niyyəti Rusiyanın regiondakı mövqeyini zəiflətməkdir. Həmçinin, Qərb Orta dəhlizin önünü kəsmək istəyir. Onlar Ermənistana dəstəkçi kimi görünərək gözdən pərdə asmaqla regionla bağlı planlarını həyata keçirməyə çalışırlar.
Məlum olduğu kimi Fransa Ermənistana zirehli texnika göndərib. Erməni hərbi ekspert Ayk Nahapetyan da etiraf edib ki, "Bastion" zirehli texnikası şəxsi heyətin daşınması üçün nəzərdə tutulub və düzənlik ərazi üçün effektlidir: "Ancaq Ermənistan coğrafiyasında - dağlıq-dərəlik ərazilərdə bu texnika düşmənin asan ovuna çevriləcək. Üstəlik, "Bastion" zəif qorunur və istənilən tank əleyhinə silah onu bir neçə kilometr məsafədən məhv edə bilər. Dağ şəraitində tamamilə fərqli silah növləri təsirli olur", - ekspert bildirib.
Afrika və Yaxın Şərqin iqlim şəraitinə uyğunlaşdırılan bu texnikanın Ermənistana verilməsi yuxarıda qeyd edilən məqsədi üzə çıxarır. Yəni Fransa bir növ Ermənistana "Ölməmişik ki, yanınızdayıq" deməklə "dost" kimi görünərək öz planlarını xaincəsinə həyata keçirməyə çalışır.
Fransanın Ermənistanı silahlandırılması birbaşa Cənubi Qafqazda yeni münaqişələrin yaranması üçün şərait yaradır. Bu Fransanın regionda sabitliyi pozmağa, sülhə əngəl olmağa yönəlmiş növbəti cəhdidir. Beləliklə aydın olur ki, Fransanın məqsədi Azərbaycan ilə Ermənistan arasında münasibətləri normallaşdırmaq yox, əksinə regionda vəziyyəti gərginləşdirməkdir.
Azərbaycan ilə Ermənistan arasında imzalanacaq sülh prosesini uzatmaq üçün əngəl yaradanlar tək Fransa deyil. Belə ki, Avropa İttifaqının müşahidə missiyasının sayı artırılması, Aİ üzvü olmayan Kanadanın müşahidə missiyasına qoşulması da normallaşma prosesinə zərbə vurur.
Ermənistan uzun müddətdir ki ondan "üz çevirən" Rusiyadan ümidini üzüb. Onların bu "küskün" davranışı isə Qərbin maraqlarına uyğun gəlir. Çünki, elə Qərbin məqsədi də İrəvan vasitəsi ilə regionda möhkəmlənmək, Rusiyanın yerini tutmaqdır. Rəsmi Bakının mövqeyi isə dəyişməz olaraq qalmaqdadır. Azərbaycan regionda sülhün və sabitliyin tərəfdarıdır.
Bəxtiyar Umarlı
Milli.Az