Ölkələrimiz təbii təhlükələrə məruz qalır - Muxtar Babayev

15 Noyabr 2023 11:02

Dünyanı sınağa çəkən iqlim dəyişmələri çağırışlarına hazırlıqlı olmaq üçün ölkələrimizin hidrometeorologiya xidmətləri innovativ texnologiyalara malik olmaqla bir-birini tamamlamalı, qarşılıqlı əməkdaşlıq çərçivəsində fəaliyyət göstərməlidir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Bakıda keçirilən Türk Dünyası II Meteorologiya Forumunda deyib.

Nazir qeyd edib ki, ətraf mühit məsələləri, xüsusilə su, hava, iqlim kimi amillər sərhəd tanımır.

"Şimal yarımkürəsinin müxtəlif regionlarında olduğu kimi ölkələrimiz də xüsusilə ekstremal hava və iqlim hadisələri daxil olmaqla təbii təhlükələrə məruz qalır. Bu təsirləri mümkün dərəcədə azaltmaq üçün Ümumdünya Meteorologiya Təşkilatının "Hamı üçün Erkən Xəbərdarlıq" təşəbbüsünə uyğun olaraq effektiv əlaqələndirilmiş hazırlıq və cavab mexanizmlərinin yaradılması vacibdi. Ölkəmiz bu fəaliyyətdə regional əməkdaşlığa öz töhvəsini verməyə və ölkəmizdə tətbiq olunmuş müasir müşahidə sistemlərindən əldə olunan məlumatların bir platformada paylaşmasına hazırdı".

Xatırladaq ki, 19 fevral 2021-ci il tarixində Türkiyənin Ankara şəhərində Türk Dünyası I Meteorologiya Forumu keçirilib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun