Zidan və Messinin gündəmi zəbt edən görüşü - VİDEO

13 Noyabr 2023 17:59

Əfsanəvi futbolçu Zinəddin Zidan ABŞ-yə gedərək "İnter Mayami" klubunda çıxış edən argentinalı ulduz Lionel Messi ilə görüşüb. "Qafqazinfo" xəbər verir ki, onlar kameralar önündə dialoq aparıblar. 

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, Zidan və Messi arasındakı bu söhbət dünya futbol gündəmini zəbt edib. İki ulduz keçmişdə baş verənlərdən danışıb və bir birləri haqqında fikirlərini açıqlayıblar. 

- Zidan: "Burada olmaq yuxu kimidir. Təəssüf ki, biz birlikdə oynaya bilməmişik. Gətirdiyim bu topu sənə ötürürəm. Uzun yol qət etmişəm. Səninlə futbol barədə söhbət etmək gözəldir. İnsanların əksəriyyəti bunu arzulayır". 

- Messi: "Bilirsən ki, sənə heyranam. Birlikdə oturmaqdan qürur duyuram. Biz birlikdə oynamasaq da, rəqib olaraq meydanda qarşılaşmışıq. Sən futbolçu olanda da, məşqçi olanda da üz-üzə gəlmişik". 

Daha sonra Lionel Messi geydiyi 10 nömrəli forma haqqında fikirlərini deyib: "Biz argentinalılar üçün 10 nömrə xüsusidir. Çünki bu nömrəli formanı görəndə ağlına ilk olaraq əfsanəvi futbolçumuz Dieqo Armando Maradona gəlir. Xəyalımız onun etdiklərini təkrarlamaqdır". 

Daha sonra Zidan Messidən uşaqlarının futbol oynayıb-oynamadığını soruşub.

- Zidan: "Məncə, sənin uşaqların 10 nömrəni sevir". 

- Messi: "Onlar hələ çox balacadır. Topla dribinliq etməyi sevirlər. Adətən uşaq ikən hücumda oynamaq barədə düşünürsən, qol vurub sevinirsən, onlar da elədir. Uşaqlarım bütün günü topla oynayırlar". 

Zidan isə öz kumiri barədə danışıb: "Mənim kumirim uruqvaylı futbolçu Enzo Françeskolidir. Oğlanlarımdan birinə də onun şərəfinə Enzo adını vermişəm. Uruqvaylı əfsanə "Marsel"də oynayarkən ondan zövq alırdım". 

Fransalı əfsanə Messiyə "Nəyi daha üstün tutardın, UEFA Çempionlar Liqasında, yoxsa dünya çempionatında qol vurmağı" deyə sual ünvanlayıb. 

Messi isə bu cür cavab verib: "Təbii ki, hər ikisi önəmlidir. Amma dünya çempionatının bir ağırlığı var". 

- Zidan: Elə bir oyun var ki, onu yenidən oynamaq istəyirsən?

- Messi: "Əvvəllər də demişəm ki, həyatda nə olubsa, deməli olmalı imiş. Heç bir şey üçün peşman deyiləm. Xoşbəxt anlar yaşadığım üçün şanslıyam. Lakin bəzən hədəf çatmadığım anlara üzülmüşəm. Düzdür, dünya çempionu oldum, amma yenə də 2014-cü ildə Braziliyada keçirilən dünya çempionatının finalını yenidən oynamaq istəyərdim".

Dialoqun tam versiyasını videodan izləyə bilərsiniz:

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun