Xalq artisti Naibə Allahverdiya "Azərişıq" ASC-nin Xaçmaz şöbəsindən narazılıq edib.
Milli.Azın məlumatına görə, aktrisa Lent.az-a verdiyi açıqlamada bildirib ki, Xaçmaz rayonunun Yalama kəndində işıqla bağlı problem yaşayıb.
"Xaçmaz rayonunun Yalama kəndində kiçik torpaq sahəsi alıb ev tikmişəm. Hərdən yorulanda gəlib dincəlirəm ki, əsəblərim sakitləşsin. Bu dəfə sakitləşmək əvəzinə əsəb keçirmişəm. Ev tikməyimə peşman olmuşam. Yel əsən kimi işıqlar sönür. Ötən gün kəndə gəlmişəm, işıq yox, səhərə qədər donmuşam. "Azərişıq" ASC-nin Xaçmaz şöbəsinə zəng etmişəm. Gələn olmayıb. "Qaynar xətt"ə də demişəm. Heç bir nəticə yoxdur. Heç kimdən çəkinmirlər, camaat dəfələrlə şikayət edib. Şikayətlərə baxan yoxdur. Telefondakı şəxs qışqırır, mənə deyir ki, vecimizə deyil, kimə istəyirsən, get şikayət et, heç gəlmirəm. Sonra da telefonu söndürdülər. Dirəklər köhnədir, elektrik xətləri açılıb, yanğın olsa, mənim də evim yanacaq, qonşunun da. Uşaqların başına aşa bilər. Elə qışqırmışam ki, təzyiqim qalxıb.
Dirəyi dəyişmək üçün hər adamdan 300-400 manat istəyirlər. Dövlət büdcədən sizə pul ayırır. Hanı o pullar? İşıqpulunu bir gün gec verəndə, kəsirsən. Sən bu işi görmək üçün maaş alırsan. Deyir ki, külək olub, elektrik ona görə kəsilib. Bəs niyə dəyişmirsən ki, dirək uçur",- deyə o bildirib.
Aktrisa Yalamanın yol, nəqliyyat, həm də internet problemləri olduğunu da dilə gətirib.
Milli.Az