İşğaldan azad olunan ərazilərimizdə erməni vandalizminin dünya ictimaiyyətinə çatdırılması bu gün də davam edir. Bu həqiqətlərin bütün dünya əhalisinə tanıdılmasının bir üsulu da səyyahların işğaldan azad olunan ərazilərimizə səyahətlərinin təşkilidir. Mehrac Mahmudov da artıq bir müddətdir ki, dünya səyyahlarının Qarabağın müxtəlif ərazilərinə səyahətlərini təşkil edir. Belə səyahətlərdən biri də bu gün Laçına təşkil olunub.
Milli.Az bildirir ki, Mehrac Mahmudov AZƏRTAC-a müsahibəsində deyib ki, bu artıq səyyahların işğaldan azad edilmiş ərazilərimizə doqquzuncu səfəridir. Belə ki, bu gün Laçına dünyanın iyirmi altı ölkəsindən əlli səyyah gəlib.
Təşkilatçının sözlərinə görə, bu səyahətlərin təşkil edilməsində əsas məqsəd ermənilərin bu ərazilərdə törətdiyi dağıntıları və bu dağıntılardan sonra Azərbaycanın burada apardığı bərpa və quruculuq işlərini səyyahlara göstərməkdi: "Səyyahlar burada gördüklərini videolentə alır və öz səhifələrində paylaşırlar. Onlar tanınmış səyyahlar olduğu üçün səhifələrində paylaşdlıqları videonu təmsil etdikləri ölkələrdə yaşayan insanlar görür və bununla da biz bu həqiqətləri dünyaya çatdırmış oluruq. Eyni zamanda o səyyahlar bu ərazilərin turizm potensialına malik olduğunu da görürlər".
Qeyd edək ki, indiyədək işğaldan azad olunan ərazilərə Mehrac Mahmudovun təşkilatçılığı ilə 300-dən çox səyyah gəlib.
Milli.Az