İspaniya Avropa səhmlərini çökdürdü
19 May 2012 18:25
Tokioda birja üç faiz aşağı qiymətlə bağlanıb. London, Paris və Frankfurtda səhmlərin dəyəri birjalar açılan kimi aşağı düşüb.
Buna səbəb "Moody's" reytinq agentliyinin 16 İspaniya bankının kredit reytinqini aşağı salması olub.
"Moody's" deyib ki, reytingi aşağı salmasına bir neçə səbəb, o cümlədən İspaniyanın yenidən böhrana qayıtması, İspaniya hökumətinin üzləşdiyi maliyyə prolemləri və əmlak bazarında kreditin pis vəziyyətdə olması var.
İspaniyada əsas birja indeksi bu səhər 2 faizdən artıq itirsə də, sonradan yuxarı qalxıb.
Bəzi investorlar aşağı riskli görünən Almaniya bondlarına üz tutublar. Neftin qiymətləri də həmçinin aşağı düşüb, bu isə qlobal bazarlarda narahatlıqların göstəricisi kimi izah olunur.
Bazarlarda etimadsızlığın daha bir səbəbi Yunanıstanda davam edən siyasi böhrandır. Orada siyasətçilər altı həftə ərzində ikinci seçkilərə hazırlaşırlar.
Mümkündür ki, iyunun 17-də keçiriləcək seçkilərdən sonra yaranacaq hökumət Yunanıstanın beynəlxalq banklardan aldığı kredit müqabilində büdcəyə ixtisarları nəzərdə tutan xilas planına əməl etməkdən boyun qaçırsın.
Yunanıstanın avrozonanı tərk edə biləcəyinə dair spekulyasiyalar artmaqdadır.
Milli.Az