Bu, bütün Türk dünyası xalqları üçün qürur mənbəyidir - Səyyah Qreko

4 Noyabr 2023 15:20

Qarabağa səfər zamanı biz yeni hava limanı ilə tanış olduq və tikintinin sürətlə aparıldığını gördük. Həmçinin dövlətin bu ərazilərdə quruculuq işləri həyata keçirməsinin şahidi olduq. Bunlar yalnız bu ölkənin insanları üçün deyil, bütün region üçün faydalı olacaq. Düşünürəm ki, bu infrastrukturlara yatırım etmək gələcək, sülh və rifah üçün böyük uğur gətirəcək.

Bunu Trend-ə açıqlamasında ABŞ-dan gəlmiş səyyah Brayan Qreko söyləyib.

"Biz Qarabağa "NomadMania" klubu vasitəsilə səfərə gəlmişik. Bu ərazilərlə bağlı məlumatlanmaq üçün buraya dəvət olunmuşuq. Buna görə minnətdarıq. Mən artıq bir neçə ildir Türkiyədə yaşayıram. Orada yalnız türk xalqının mədəniyyəti ilə deyil, Azərbaycan xalqı ilə də yaxından tanış olmuşam. Burada qarşılaşdığımız qonaqpərvərliyə görə minnətdarıq. Burada əldə olunan nailiyyətlər bütün Türk dünyası xalqları üçün qürur mənbəyidir" - deyə səyyah bildirib.

Qeyd edək ki, bu gün dünya şöhrətli "NomadMania" beynəlxalq səyahətçilər klubunun Qarabağa səfəri başlayıb. Heyətdə 26 ölkədən (ABŞ, Kanada, İsveçrə, Britaniya, Danimarka, Almaniya, Avstriya, Polşa, Finlandiya, Norveç, İspaniya, Macarıstan, Rumıniya, Portuqaliya, Sinqapur, Avstraliya və s.) 50 nəfərə yaxın tanınmış səyyah yer alır. Qrupa NomadMania klubunun rəhbəri, dünyanın səyyah elitasının əsas simalarından olan Harry Mitsidis şəxsən başçılıq edir.

Heyət 3 gün ərzində Qarabağ və Şərqi Zəngəzuru gəzəcək, Füzuli-Xocavənd-Şuşa-Ağdam-Kəlbəcər-Laçın-Zəngilan-Cəbrayıl xətti üzrə hərəkət edəcək.

Dünyanın əsas beynəlxalq səyahətçilər şəbəkələrinin - ETIC, MTP, TCC, NomadMania və əksəriyyəti bu klubların üzvləri olan türklərin birləşdiyi Türkiyə Gəzginlər Klubunun, Böyük Britaniyanın "Piki Reels", İsveçin "Club 100" klublarının geniş tərkibdə heyətləri ötən 2 ildə 8 dəfə Qarabağ və Şərqi Zəngəzura səfər edib. Bu, sayca 9-cu analoji səfərdir.

Milli.Az