Türkiyə Cümhuriyyəti 100 yaşında

29 Oktyabr 2023 09:14

Bundan tam 100 il əvvəl, oktyabrın 28-də türk xalqının ulu öndəri Qazi Mustafa Kamal Atatürk ölkə rəsmilərini Çankaya köşkündə axşam yeməyinə toplayaraq məşhur, "Əfəndilər, sabah cümhuriyyəti elan edəcəyik" sözlərini işlədir. Təqvim cümə günü, 1923-cü il 29 oktyabr tarixini göstərdikdə isə insanlarla dolu parlament binasına daxil olan Atatürk bir neçə görüş keçirdikdən sonra məclis kürsüsünə çıxaraq "Suverenlik qeyd-şərtsiz millətə məxsusdur" sözləri ilə Türkiyə Cümhuriyyətini elan edir.

Binaya toplaşanlar bu ifadəni "Yaşasın Cümhuriyyət" şüarı və alqışlarla qarşılayırlar.

Bunun ardından, "Türkiyə dövlətinin idarəetmə şəkli respublikadır" başlıqlı qanun layihəsi və Qazi Mustafa Kamal Paşanın yeni Türkiyə dövlətinin ilk prezidenti seçilməsi təklifi Türkiyə Böyük Millət Məclisinə təqdim edilir və 158 parlament üzvünün səs birliyi ilə qəbul olunur.

Tarixə nəzər salsaq görərik ki, Türkiyə Cümhuriyyəti qurulduqda ölkədə vəziyyət olduqca acınacaqlı idi. Lakin ölkənin gələcəyinə inanan türk xalqı Mustafa Kamal Atatürk öndərliyində böyük inkişaf yoluna qədəm qoyur.

Yarandığı gündən ədaləti, demokratiyanı, insan hüquqlarını və bərabərliyi özünə rəhbər tutan Türkiyə dövləti təhsil, nəqliyyat, idman, infrastruktur, mədəniyyət kimi müasir dünyanın ehtiyaclarına cavab verən bütün sahələri sürətli inkişaf etdirməyə çalışır.

Qazi Mustafa Kamal Atatürkün başlatdığı bu inkişaf yolu sonralar xüsusilə bir neçə lider tərəfindən uğurla davam etdirilir.

Ölkədə böyüməni sürətləndirmək və sənayeləşməni təşviq etmək üçün iqtisadi siyasətdə dəyişikliklər edilir. Sənaye istehsalı və ixracatın əhəmiyyəti artır. Bir sıra iqtisadi islahatlar və modernləşmə təşəbbüsləri həyata keçirilir. Kənd təsərrüfatı strukturunun dəyişdirilməsi, infrastrukturun inkişafı, yeni sənaye sahələrinin yaradılması kimi məsələlər ön plana çıxır.

Bütün bunlarla yanaşı, ötən yüz ildə ölkə hərbi çevrilişlər, terror, iqtisadi böhranlar, xarici borclar, təbii fəlakətlər kimi bir çox imtahanlardan keçir. Böyük mübarizələrlə ötən bu bir əsrin tamamında, bu gün Türkiyə dünyanın ən qabaqcıl ölkələrindən birinə çevrilib.

Yaxın keçmişə baxdığımızda, Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyində keçən son iyirmi ilin Türkiyənin ən əhəmiyyətli inkişaf mərhələlərindən biri olduğunu görürük. Ötən bu dövrdə sənaye, səhiyyə, mədəniyyət, nəqliyyat, rabitə, infrastruktur, turizm, idman və bu kimi bir çox sahələr üzrə ilklərə, nəhəng layihələrə imzalar atılıb.

Ticarət sahəsinin bütün ölkələr üçün əhəmiyyətini nəzərə alsaq, keçən il Türkiyənin ümumi xarici ticarət həcmi cümhuriyyət tarixinin ən üst səviyyəsinə yüksələrək, 618 milyard ABŞ dollarına çatıb.

Ölkədə diqqətdə saxlanılan əsas sahələrdən biri də nəqliyyatdır. Ötən 20 ildə nəqliyyat və rabitə sahəsinə 183 milyard dollardan çox sərmayə qoyulub. 2002-2022-ci illərdə Türkiyədə yol şəbəkəsinin uzunluğu 6 min 101 kilometrdən 28 min 986 kilometrədək artırılıb. 2002-ci ildə 10 min 959 kilometr olan dəmir yolu xəttinin uzunluğu indi 13 min 128 kilometr təşkil edir.

Ötən dövrdə hava nəqliyyatı sahəsində də böyük irəliləyişlər əldə edilib. İyirmi il ərzində ölkə üzrə aktiv fəaliyyət göstərən aeroportların sayı 26-dan 57-ə yüksəlib. Sürətli qatar şəbəkəsinin inkişaf etdirilməsi də daim diqqətdə saxlanıb.

Türkiyənin son illərdə əsas inkişaf istiqamətlərindən biri də müdafiə və aviasiya sahəsidir. Son iyirmi ildə ölkənin müdafiə sənayesində yerli və milli texnologiya nisbəti 20 faizdən 80 faizədək yüksəlib. Türkiyə bütün dünyanı heyrətə salan bu sahə üzrə texnoloji istehsala davam edir. Bu gün İHA, SİHA, "Atak" helikopteri, "Hürjet", "Kaan" milli döyüş təyyarəsi, "TCG Anadolu" amfibiya gəmisi kimi bir çox texnika ölkənin bu sahə üzrə fəxr etdiyi işlərdən yalnız bir neçəsidir.

Bütün bunlara baxdıqda, hər sahə üzrə inkişafını tam sürətlə davam etdirən və iri addımlarla yeni hədəflərə doğru irəliləyən qardaş ölkə Türkiyə bu gün yeni əsrinə böyük qürurla qədəm qoyur.

AZƏRTAC