Sakinlər Günəş paneli alıb, evlərinin damına yerləşdirə bilərlər? - QAYDALAR

28 Oktyabr 2023 14:48

Azərbaycan bərpa olunan enerji mənbələri (BOEM) üzrə yüksək potensiala malik olan ölkələrdəndir. Belə ki, ölkəmizin iqtisadi cəhətdən əlverişli və texniki cəhətdən istifadəsi mümkün olan bərpa olunan enerji mənbələrinin potensialı 26 940 MVt, o cümlədən, külək enerjisi üzrə 3 000 MVt, Günəş enerjisi üzrə 23 040 MVt, bioenerji potensialı 380 MVt, dağ çaylarının potensialı 520 MVt həcmində qiymətləndirilir.

Bəs maraqlıdır, Azərbaycanda yaşıl enerji potensialı daha çox hansı bölgələrdə yüksəkdir? Sakinlər fərdi şəkildə alternativ enerji resurslarından istifadə edə bilərlərьш?

Milli.Az xəbər verir ki, bununla əlaqədar Oxu.Az-a danışan bərpa olunan enerji üzrə mütəxəssis Elçin Tarquliyev bildirib ki, Azərbaycanda bərpa olunan enerji mənbələrindən istifadə etmək üçün əsas qanunverici akt "Elektrik enerjisinin istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında" Azərbaycan Respublikası Qanunudur:

"Burada iki fərqli qrupdan danışa bilərik: müstəqil enerji istehsalçıları və aktiv istehlakçılar. Müstəqil enerji istehsalçıları daha çox orta və böyükhəcmli BOEM layihələrini həyata keçirirlər, bəziləri bu stansiyalarda istehsal olunan enerjinin bir hissəsini daxili istehlaka yönəldirlər. Artıq enerji isə şəbəkə operatoruna topdansatış tarifi ilə satılır. Bu tipli istehsalçılar, "İcazələr və lisenziyalar haqqında" Qanuna əsasən, enerji istehsalçısı lisenziyası almalıdırlar, eyni zamanda, şəbəkə operatoru ilə öncədən razılıq əldə olunmalı, illik, rüblük və aylı proqnozlar verilməlidir.

Digər növ istehsalçılar, hansı ki daha çox fərdi vətəndaşları və kiçik və orta biznesi (KOB) əhatə edir, aktiv istehlakçılardır. Bunlar gücü 150 kVt-a qədər Günəş və ya külək stansiyasını qura və heç bir lisenziya tələbi olmadan şəbəkəyə qoşa bilərlər. Bu prosedur "Aktiv istehlakçıların dəstəklənməsi mexanizmlərinin tətbiqi" Qaydaları ilə tənzimlənir. Bu tipli enerji istehsalçılarının şəbəkəyə qoşa biləcəyi maksimum güc həddi şəbəkə operatorundan alınan texniki şərtdə nəzərdə tutulan tələblər əsasında müəyyənləşdirilir. Belə ki, əgər buradakı fiziki və ya hüquqi şəxsin texniki şərtində maksimum güc həddi 100 kVt olaraq müəyyən edilibsə, o şəxs maksimum 100 kVt bərpa olunan enerjini sistemə qoşa bilər. Bunun üçün şəbəkə operatoruna müraciət edərək istehlakçı üçün olan texniki şərti aktiv istehlakçı üçün olan texniki şərtlə əvəzləməlidir. 

Aktiv istehlakçı ilə şəbəkə operatoru arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi, aktiv istehlakçının elektrik təchizatına qoşulma aktı və enerji təchizatı müəssisəsi ilə aktiv istehlakçı arasında elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhədi və tərəflərin istismar məsuliyyəti haqqında akt imzalanır. Hər üç sənədin layihələri aktiv istehlakçıların dəstəklənməsi mexanizmləri qaydalarında əks olunub. Sonda vətəndaşın sayğacı dəyişdirilir (öz hesabına) və yerinə ikiistiqamətli sayğac qoyulur. Bu sayğac vasitəsilə vətəndaş istehsal etdiyi, lakin istifadə etmədiyi elektrik enerjisini şəbəkəyə ötürə və bu enerjidən müvafiq dövr ərzində istifadə edə bilər. Hesabat ilinin sonunda əgər vətəndaşın hesabında artıq enerji varsa, bu enerjinin dəyəri vətəndaşın bank hesabına bir ay müddətində topdansatış tarifləri əsasında ödənir".

Vətəndaşların Günəş panelləri alıb quraşdırmaq istəyinə gəlincə, Elçin Tarquliyev deyib ki, bu məsələyə şəbəkə operatoru, ya da dövlətin hər hansı müəssisəsi müdaxilə etmir, vətəndaş istəsə, özü və ya hər hansı bir bərpa olunan enerji şirkəti ilə müqavilə imzalayaraq, bu panelləri və digər qurğuları quraşdıra bilər:

"Burada qiymətlər bir çox şeydən asılıdır. Məsələn, panellər damda, yoxsa yerdə quraşdırılacaq? Damda quraşdırılacaqsa, damın gücləndirməyə ehtiyacı varmı, ağırlığa və bu ağırlığın gətirdiyi əlavə yüklənməyə dözə bilərmi? Yerdə quraşdırılacaqsa, quraşdırılan yer hamar və ya nahamardırmı? Hansı panellərdən istifadə ediləcək, hansı inverter istifadə olunacaq və s. kimi məsələlər qiymətə təsir edir. Bu kimi hallarda tövsiyə olunan variant özəl şirkətlərlə müqavilə imzalayaraq ilkin olaraq qiymət və enerji istehsalı ilə bağlı hesabatların hazırlanması, ondan sonra panel və digər qurğuların quraşdırılmasıdır".

İqtisadçı-ekspert Eldəniz Əmirov Oxu.Az-a açıqlamasında bildirib ki, Azərbaycanın bölgələrində, xüsusilə Naxçıvan və işğaldan azad edilmiş ərazilərdə alternativ enerjilərin həm real, həm də texniki potensialı kifayət qədər yüksəkdir:

"Perspektivdə bölgələrimizdəki alternativ enerji resurslarına yönəlik fəaliyyətin dəstəklənəcəyini düşünürəm. Amma Günəş panellərinin alınıb, evlərin damına düzülməsi ilə iş bitmir. Alternativ enerji istehsalı çox mürəkkəb prosesdir. Bu enerji ehtiyatları ilə şəbəkəni inteqrasiya etmək, evlərdə istehsal olunmuş enerjini şəbəkəyə ötürmək, şəbəkədən evlərə satmaq addımları qurulmalıdır. Bir qonşu olmadıqda elektrik enerjisi digər qonşuya getməlidir, ondan artıq qalan enerji şəbəkəyə qayıtmalıdır. Yay aylarında bütün kənd yaylağa çıxarsa, qışda digər istiqamətə gedərsə, enerji itkisi yarana bilər. Çünki enerjini saxlamaq olmur. Enerji istehsal olundusa, o ötürülməlidir və istifadə edilməlidir. Enerjini çox kiçik həcmdə saxlamaq mümkündür, amma böyük həcmdə saxlanılması reallaşdırıla bilməz. Buna görə də bütün bunlar ciddi və hərtərəfli texnoloji proseslər tələb edir.

Düşünürəm ki, müəyyən ərazilərdə pilot layihə kimi prosesin bir müddət sonra həyata keçirilməsini və nəticəsini görəcəyik. Bildiyim qədəri ilə, bu istiqamətdə aidiyyəti qurumlar tərəfindən ciddi işlər aparılır. Faktiki olaraq, indi hansısa kənddə, bölgədə Günəş enerjisindən istifadə edildiyi haqqında heç bir məlumat yoxdur. Söhbət tək-tək evlərdən deyil, hansısa ümumi bir yaşayış məntəqəsindən gedir. Bu proses mürəkkəb və zaman tələb edən məsələdir".

Milli.Az