Ermənistan üçün fürsət - Cənubi Qafqazın taleyi həll olunur

28 Oktyabr 2023 14:33

Lokal xarakterli antiterror tədbirlərindən sonra separatçılar ağ bayraq qaldırsa da hələ hər şey bitmiş sayılmır. Xocalıya, Xankəndidə bayrağımız ucaldılmasından sonra hər kəsi maraqlandıran sual bundan sonra nələrin olacağıdır. Cənubi Qafqazda sabitlik və sülhü rəsmiləşdirməklə prosesləri yekunlaşdırmaq gərəklidir. Buna isə birbaşa əngəl törədən tərəf Ermənistandır. Qərbin, xüsusən də Fransanın təsiri altına düşən bu dövlət hər yolla sülhdən boyun qaçırmağa, "cığallıq" etməyə çalışır.

Azərbaycan hər zaman sülh təklif edib, məsələnin sabitlik yolu ilə həllində maraqlı olub. Hətta, lokal xarakterli antiterror tədbirlərindən əvvəl də mövqemiz dəyişməz idi. Separatçılar müxtəlif ssenarilər quraraq baş verənləri fərqli formada dünyaya təqdim edərək proseslərin maksimum uzanmasına gətirib çıxardılar. Bir sutkadan da az vaxt ərzində təslim olmağa məcbur qalan separatçıların "rəhbərləri" hazırda Bakıda istintaq təcridxanasındadır. Lakin, Ermənistan tərəfi hələ də oyunları davam etdirməyə çalışır. Onların beynəlxalq platformalarda "etnik təmizləmə" iddiaları ilə çıxışı, Paşinyanın Azərbaycanı tərk etmiş qarabağlı ermənilərə "qaçqın" statusunun verilməsi ilə bağlı qərarı, ölkəmizə qarşı sanksiyaların həyata keçirilməsinin tələbi və başqa bu kimi cəhdlər onu göstərir ki, Ermənistanın ağıllanmaq fikri yoxdur.

Ermənistan Rusiyanın vasitəçiliyindən mümkün qədər qaçdığına görə və Rəsmi Bakının Makronun iştirakı ilə hər hansı danışıqlar prosesində iştirak etmək fikri olmadığından Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması ilə bağlı platforma seçimində çətinlik yaranmışdı. Azərbaycan istəyir ki, region problemləri region çərçivəsində həll olunsun. Gürcüstan bu baxımdan hər iki ölkə üçün uğurlu seçimdir. Ölkə başçısının Tbiliyə səfəri də buna işarə idi. Gürcüstanın özü də Cənubi Qafqazla bağlı normallaşma prosesində istəkli görünür.

Məlum olduğu kimi, ayın 25-də Baş nazir Əli Əsədov Prezidentin tapşırığına uyğun olaraq üçtərəfli format konsepsiyası çərçivəsində Gürcüstana gedib. Gürcüstan hökumətinin mətbuat xidmətinin məlumatına görə Əli Əsədov və Nikol Paşinyan Gürcüstanın baş naziri İrakli Qaribaşvilinin vasitəçiliyi ilə Gürcüstanda görüşüblər.

Bu səfər ölkəmizin Gürcüstanla strateji müttəfiq, dost və tərəfdaş olduğunu sübut etməklə yanaşı Azərbaycanın Cənubi Qafqazın aparıcı ölkəsi olduğunu göstərir. Şübhə yoxdur ki, sülh müqaviləsi imzalansa regionda tamamilə yeni vəziyyət yaranacaq, Cənubi Qafqaz ölkələri üçtərəfli formatda əməkdaşlığa başlaya biləcək. Cənab Prezidentin bəyan etdiyi çərçivədə əməkdaşlıq regionda yeni iqtisadi layihələrin açarıdır. Prezidentin bəyan etdiyi çərçivədə əməkdaşlıq Ermənistan üçün ideal fürsətdir. Onlar istəsələr bu modelin tərkib hissəsi olaraq Cənubi Qafqazda yeni mühitin yaranmasında iştirakçı ola bilərlər.

Bəxtiyar Umarlı
Milli.Az