Hazıra nazir qonaq - Maskalanmış "mələk" İrəvanda ifşa oldu

27 Oktyabr 2023 17:14

Dünən İrəvanda Ermənistanın təhsil, elm, mədəniyyət və idman naziri Janna Andreasyan və Fransanın mədəniyyət naziri Rima Abdul Mələk birgə mətbuat konfransı keçiriblər. Brifinqdə Qarabağ bölgəsində "ermənilərin mədəni və dini irsi" müzakirə olunub. Konfransda iddia olunub ki, guya Azərbaycan erməni abidələrinə qarşı "vandallıq" edib. Rima Əbdül Mələk bu məsələni beynəlxalq platformalarda qaldırmağa hazır olduğunu söyləyib.

Bu, Fransanın Azərbaycanın daxili işlərinə qarışmaqda ilk cəhdi deyil və bu ölkə tərəfindən bizə qarşı əsassız iddiaların beynəlxalq platformalarda səsləndirilməsi də tanış mənzərədir. Ümumiyyətlə, Fransa son zamanlar sanki bütün işini-gücünü atıb, Ermənistanı müdafiə edirmiş kimi görünməyə çalışaraq anti-Azərbaycan siyasətini artan templə davam etdirməkdədir.

Fransanın mədəniyyət naziri Rima Abdul Mələkin İrəvana səfəri təəccüb doğurmur. Əksinə, bu səfərlə bağlı diqqət çəkən məqam reallıqları bütün çılpaqlığı ilə üzə çıxarır. Belə ki, nazir Fransa Milli Assambleyasındakı Fransa-Ermənistan dostluq qrupunun sədri Ann-Lorans Petel ilə eyni təyyarədə gəlib. Bu şəxs isə anti-Azərbaycan mövqeyi ilə tanınır və erməni lobbisinin sözçüsü kimi fəaliyyət göstərir.

Konfransda səsləndirilən fikirlərdən belə anlamaq olur ki, tədbir əvvəldən hazırlanmış tezislər əsasında qurulub. Məsələ barədə məlumatsız olan nazir əvvəlcədən hazırlanmış mətni səsləndirib və rolunu çox gözəl şəkildə ifa edib. Həm bu məsələ, həm də nazirin Ann-Lorans Petel ilə birlikdə gəlməsi erməni lobbisinin naziri özü ilə gətirib ona verilən məlumatlar əsasında işini qurduğunu deməyə əsas verir. Bu isə Fransanın Azərbaycanda olmasa belə, digər ölkələrdə olan nüfuzuna xələl gətirir.

Fransalı nazir öz ölkəsi ilə bağlı məsələləri niyə unudur? Ona Fransanın Afrika, Cənub-Şərqi Asiya, Sakit Okean regionu və Latın Amerikasında müstəmləkəyə çevirdiyi, təbii sərvətlərini taladığı, tarixini və mədəniyyətini silməyə çalışdığı ölkələrlə bağlı faktları xatırlatmaq lazımdır. Rima Abdul Mələk başa düşməlidir ki, başqa xalqlara məxsus tarixi və mədəniyyət sərvətlərini müsadirə etmiş ölkə kimi Fransanın belə iddialar qaldırmağa heç bir mənəvi haqqı yoxdur.

Bəxtiyar Umarlı
Milli.Az