Memarlıq abidəsi olan DOĞUM EVİNƏ niyə müdaxilə olunub? - VİDEO

24 Oktyabr 2023 14:16

Ötən gündən etibarən Şamama Ələsgərova adına 5 nömrəli Kliniki Doğum Evinin damına və mərtəbələrinə qanunsuz müdaxilə edilməsi ilə bağlı sosial şəbəkələrdə məlumat yayılmağa başladı.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, bu məlumatlardan yola çıxaraq, sözügedən əraziyə yollandıq. Gördüklərimiz dəyilənlərlə üst-üstə düşdü. Binanın damındakı tikinti qalıqlarından və dağılan pəncərələrdən başa düşülürdü ki, Doğum Evinin binasında təmir və yenidənqurma işləri həyata keçirilir

Sözügedən bina 1930-cu illərin ən gözəl tikililərindən sayılır. Tikilinin memarları Sadıq Dadaşov və Mikayıl Hüseynov olub. Məsələni ictimailəşdirən gənc memar Dilqəm İsmayılov bildirdi ki, bu bina paytaxtda konstruktuvizm üslubunda tikilən ilk binalardandır. Bu səbəbdən abidə qorunmalıdır.

Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən bildirildi ki, doğum evinin binasının söküləcəyi ilə bağlı sosial şəbəkələrdə tirajlanan məlumatlar həqiqəti əks etdirmir. TƏBİB isə"təsdiq edilmiş layihə sənədlərinə əsasən binanın xarici görünüşünə xələl gətirməməklə obyektin istismar müddətinin uzadılması və ya istismar keyfiyyətinin yaxşılaşdırılması nəzərdə tululub" deyə açıqlama verdi.

Qeyd edək ki, bina öncədən şəhər mətbəxi kimi istifadə edilib. II Dünya müharibəsi dövründə isə hospital kimi istifadə olunmağa başlayıb.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az