"Azərpoçt"un Xocavənd, Ağdərə, Əsgəranda filialları açılacaq

20 Oktyabr 2023 19:21

"Azərpoçt" Xankəndi və digər işğaldan azad olunmuş ərazilərdə fəaliyyətini davam etdirir.

Bu barədə "Azərpoçt" MMC-dən məlumat verilib.

Rəqəmsal İnkişaf və Nəqiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Azərpoçt" MMC-nin Füzuli, Cəbrayıl, Ağdam və Göygöl Poçt Filialları tərəfindən işğaldan azad olunmuş ərazilər üzrə poçt xidmətlərinin həyata keçirilməsi təmin edilir. Eyni zamanda, bir sıra maliyyə xidmətlərindən də yararlanmaq, rabitə və bir çox digər xidmətlər üzrə də ödəniş etmək mümkündür.

Bildiririk ki, Xankəndi, Xocavənd, Ağdərə, Əsgəran və digər ərazilər üzrə də poçt marşrutlarının yaradılması və xidmətin təşkil olunması istiqamətində müvafiq işlər aparılır. Poçt məntəqələri müvafiq bina ilə təmin edildikdən və zəruri texniki avadanlıqlarla təchiz olunduqdan sonra həmin ərazilər üzrə poçt-maliyyə xidmətləri ən qısa zamanda həyata keçiriləcək.

Xatırladırıq ki, 2021-ci ilin fevral ayından etibarən Xocavənd rayonunun Hadrut qəsəbəsində Füzuli Poçt Filialının Müştəri Xidmətləri Şöbəsinin Poçt Agentliyi və 2022-ci ilin may ayından Zəngilan rayonunun Ağalı kəndinin ərazisində, Ağalı Xidmətlər Mərkəzinin tərkibində Zəngilan Poçt Filalının Ağalı poçt şöbəsi fəaliyyət göstərir.

Qeyd edirik ki, işğaldan azad olunmuş ərazilərimizdə işğaldan öncə 295 poçt şöbəsi fəaliyyət göstərib.

Milli.Az