Araz-103.3 fm radiosu daha bir yeniliyə imza atdı - FOTO
17 May 2012 19:45
Bu yaxınlarda bir yaşını qeyd edən Araz-103.3 fm radiosu daha bir yeniliyə imza atdı. Azərbaycan radio efiri tarixində ilk dəfə olaraq əsas studiyadan kənarda - Park Bulvarda radionun növbəti studiyası istifadəyə verildi. Yeni studiyadan Araz-103.3 fm vasitəsilə canlı yayımlanan açılış mərasimi radionun baş direktoru Şamxal Həsənlinin qırmızı lentin kəsməsi ilə başladı. Açılış sözü ilə hamını salamlayan Araz fm radiosunun baş redaktoru Səxavət Nur yeni studiyanın ərsəyə gəlməsində rolu olan insanlara və açılışda onları tək qoymayan Araz FM pərəstişkarlarına təşəkkür etdi. Park Bulvarın Piar Meneceri Günay Malikqızı yeni layihədə Araz fm kollektivinə uğurlar arzuladı.
Studiyanın açılışında bir çox tanınmış müğənnilər və şou-biznes simaları iştirak edirdi. Gənc radioya təbriklərini çatdıran tanınmışlar, öz ifalarını da təqdim etdilər.
Araz fm-in yeni studiyasından ilk verilişi radionun sevilən aparıcısı Dj Rash canlı efirdə təqdim etdi.
Yeri gəlmişkən bu yaxınlarda aparıcı Səxavət Nurun təqdimatında Araz fm və Xəzər tv-nin birgə layihəsi olan "İmza Mən"verilişinin çəkilişləri də yeni studiyada çəkiləcək.
Səxavət Nurun sözlərinə görə yeni verilişdə əcnəbi ulduzlar və yerli sənətçilərimiz çıxış edəcək. Onların pərəstişkarları ilə imza günləri keçiriləcək. İlk verilişin qonağı isə Araz fm-in dəvəti ilə Türkiyədən dəvət olunmuş və Azərbaycanda çox sevilən sənətçidir. Onun adını hələlik gizli saxlayan Səxavət Nur keçiriləcək mətbuat konfransında məlumat verəcəyini söylədi.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.






