Oktyabrın 24-də Macarıstanın paytaxtı Budapeştdə karate üzrə dünya çempionatına start veriləcək.
Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, yarışda Azərbaycan milli komandası da iştirak edəcək.
Ölkəmiz mundialda 18 karateçi ilə mübarizə aparacaq. Kumite yarışlarında Əminağa Quliyev (60 kq), Tural Ağalarzadə (67 kq), Fərid Ağayev (75 kq), Turqut Həsənov (84 kq), Asiman Qurbanlı (+84 kq), Fidan Teymurova (50 kq), Mədinə Sadıqova (55 kq), Renata Ərəbli (61kq) və İrina Zaretska (68 kq) qüvvəsini sınayacaq.
Kişilərin komanda yarışlarında Firdovsi Fərzəliyev, Rafiz Həsənov (hər ikisi 67 kq) və Murad Hacızadə (+84 kq) də yığmaya qoşulacaq. Qadın karateçilərin mübarizəsində isə fərdi yarışlarda qüvvəsini sınayacaq təmsilçilərimiz döyüşəcəklər.
Katada ölkəmizin idman şərəfini Roman Heydərov qoruyacaq.
Azərbaycan həmçinin, parakaratedə də təmsil olunacaq. Məşqçilər korpusu yarışda Nihat Məmmədzadə, Eldar Əhmədov, Emiliya Mitlinova, Xalıqov Vidadi və Ariana Mitlinovaya şans verəcək.
Qeyd edək ki, sayca 26-cı dünya çempionatı oktyabrın 29-da başa çatacaq.
Milli.Az