Gözləntiləri alt-üst edən səfər - Kimə inanaq?

19 Oktyabr 2023 13:15

İki gündür ki bütün diqqət Əh-Əhli xəstəxanasının bombalanmasına yönəlib. Hətta, bu dəhşətli olay Rusiya-Ukrayna müharibəsini belə kölgədə qoyub. Xəstəxananı kimin bombalaması ilə bağlı müxtəlif versiyalar, kəşfiyyat məlumatları, qəribə iddialar var. ABŞ kəfşiyyatının məlumatında bildirilir ki, guya xəstəxanaya hücum nəticəsində ölənlərin sayı azdır, rəqəmlər şişirdilir. İsrail tərəfi iddia edir ki, xəstəxananı onlar bombalamayıb. Onlar hətta bununla bağlı səsyazısı da yayıblar.

Hücumu kimin törətdiyi hər kəsə sirr olaraq qalmaqdadır. Bəlkə də, illər sonra reallıqlar üzə çıxacaq. Tarixdə baş verən bu cür hadisələrə nəzər salaraq demək olar ki, bu cür hücumlar kimə sərf edibsə bunu təşkil edən də əsasən o tərəf olur. Məhz bu məsələdə isə "xeyirli çıxmayan" tərəf kimi İsrail görünür. Çünki xəstəxananın bombalanması ilə İsrail dünya mətbuatında "haqlı" ikən "haqsız" duruma düşdü.

Burada diqqət çəkən məqam xəstəxananı kimin bombalaması deyil. Məlum olduğu kimi, Qəzzada qarışıq vəziyyətin yarandığı anda ABŞ prezidenti Cozef Bayden İsrailə səfər edib. Amerika prezidentinin müharibə zamanı İsrailə səfər etməsi tarixdə bir ilkdir. Səfərdən gözləntilər atəşkəs elanı olsa da, İsrail Baş naziri Benyamin Netanyahunun açıqlaması bunun tam əksini deyir. Baydenlə görüşü barədə açıqlama verən Netanyahu İsrail dövlətinin təhlükəsizliyinin qorunması və müharibənin davam etdirilməsi üçün misilsiz yardımın göstərilməsi ilə bağlı razılaşmalar əldə olunduğunu söyləyib.

Bayden İsraildə olan zaman atəşkəs imzalanmadı, sülh razılığı baş tutmadı, əksinə Qəzzada müsəlmanlara qarşı qırğın siyasəti davam etdirildi. Buradan belə nəticəyə gəlmək olar ki, baş verənlərə göz yuman ABŞ və Avropa İttifaqı bəşəriyyəti sivilizasiyaların yeni toqquşmasına aparırlar. Qərbin bu hərəkətinə görə insanlıq qarşısında utanmaq əvəzinə Yaxın şərqdə müsəlmanların ölümünə şərait yaratması onların ənənəvi səlibçilik təfəkkürü ilə bağlı olduğunu göstərir.

Ötən gün, yəni Azərbaycan dövlət müstəqilliyinin bərpası günündə Avropa Şurasının Nazirlər Komitəsinin iclasında Avropa İttifaqı anti-azərbaycan xarakterli bəyanat qəbul edib. Bəyanatın qəbul olunduğu tarixin özü bunun nə qədər qərəzli olduğunu isbatlayır. Avropa İttifaqının müəyyən məsələlərdə "dil dil ötməsinin", sərf etməyən məsələlərdə isə "ağzına su alıb oturmasının" siyasətinin arxasında Fransa durur. Vaxtilə onlar tərəfindən eyni şəkildə Ermənistana da dəstək verilməsi və Azərbaycan xalqına qarşı Ermənistan tərəfindən soyqırım törədilməsi bunu deməyə əsas verir.

Baş verən hadisələrin analizi fonunda Azərbaycanın ABŞ və Aİ nin təqdim etdiyi sülh platformalarına inamla bağlı şübhə formalaşır. Ermənistan Azərbaycan ərazisini işğal edəndə və yüz minlərlə insanı öz torpaqlarından qovanda, etnik təmizləmə həyata keçirəndə oxşar tələblərin verilməməsi şübhələri daha da artırır.

Bəxtiyar Umarlı
Milli.Az