Azərbaycanda insanlara qarşı internet TƏLƏLƏRİ – Ən çox bunu edirlər

19 Oktyabr 2023 11:29

Müasir dünyada internetin və rəqəmsallaşmanın sürətlə inkişafından sonra insanlar ənənəvi informasiya saxlama metodlarından uzaqlaşıb. Bunun əvəzinə həmin prosesləri onlayn resurslara keçirmişik. Bu keçid həm özəl, həm də dövlət orqanlarında özünü göstərir. 

Təhsilimizdən tutmuş, tibbi, hərbi, ən əsası bank işlərimizin hər biri onlayn resurslarda yerləşir. Nəticədə bu hal çirkin addımları atmaq üçün bəzi insanlara qapı açır. 

Deyə bilərik ki, onlayn resurslara keçid, rəqəmsallaşma müasir dövrümüzdə kiberhücumların sayını artırır. 

Maraqlıdır, müasir kiberhücumlar hansılardır? Ən çox hansı istiqamətlərdə kiberhücumlarla qarşılaşırıq?

Məsələ ilə bağlı Lent.az-a Elektron Təhlükəsizlik Xidmətinin Əməkdaşlıq və kommunikasiya sektorunun müdiri Ləman Hüseynzadə danışıb. 

Onun sözlərinə görə, ən çox elektron poçt, SMS və ya zənglər vasitəsilə kiberhücumlar olunur:

"Fişinq (tələ qurub insanları aldatmaq), internet informasiya resurslarına kənar müdaxilələrin edilməsi, müxtəlif yollarla vətəndaşlara və təşkilatlara aid elektron cihazların zərərverici proqramlarla yoluxdurulması, xidmətin dayandırılmasına yönəlmiş hücumlar, həmçinin fərdi məlumatların ələ keçirilməsinə yönəlmiş hücumlar ümumilikdə geniş yayılmış kiberhücum növləridir. 

Son zamanlar vətəndaşlara qarşı yönəlmiş hücumlara elektron poçt, SMS və ya zənglər vasitəsilə həyata keçirilən fişinq hücumlarını misal göstərmək olar. Şirkətlərə qarşı yönəlmiş hücumlara isə fişinq hücumları ilə yanaşı "brute force" hücumları, veb-resurslara yönəlmiş hücumlar və aktiv boşluqlar üzrə həyata keçirilən hücumları misal göstərmək olar. 

Qeyd etdiyimiz kimi, fişinq hücumları ən çox yayılmış hücum növlərindən hesab olunur. Fişinq hücumları nəticəsində istifadəçilərin fərdi məlumatları ələ keçirilir, onların cihazları və informasiya sistemləri zərərverici ilə yoluxdurulur, informasiya sistemlərinə nəzarət ələ keçirilir, həmçinin maddi itki ilə üzləşirlər".

Milli.Az