Sumqayıt qəbiristanlığında silahlı insident: 1 ölü

18 May 2010 18:30
Bu barədə Sumqayıt şəhər Polis İdarəsindən məlumat verilib.

Hadisə bu gün saat 16.00 radələrində, Sumqayıt şəhəri Tağıyev qəsəbəsində yerləşən qəbiristanlıqda qeydə alınıb. Bacısının "40 mərasimi"nə qatılan Bakı şəhər sakini, 60 yaşlı Rafiq Məmmədov odlu silahdan açılan atəş nəticəsində qətlə yetirilib.

Hadisə barədə polisə məlumat daxil olan kimi əraziyə əməliyyat qrupu gəlib. Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində hadisənin Tağıyev qəsəbə sakini, 26 yaşlı Yusif Həşimov tərəfindən törədildiyi müəyyənləşib. Polis tərəfindən saxlanılan Y. Həşimov qətli qisas məqsədi ilə törətdiyini bildirib.

Araşdırmalar nəticəsində məlum olub ki, Y. Həşimovun atası Əlibala Həşimov övladının 1 yaşı olarkən R. Məmmədov tərəfindən öldürülüb.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.

/APA/