Qohumu məşhur meyxanaçının ölümündən danışdı
17 May 2012 09:32
Mayın 11-də qəfil dünyasını dəyişən meyxanaçı Zaur Aşiqin ailəsi onun ölümünün təfərrüatlarından danışıb. Mərhumun yeznəsi Samir Əzizov "Yeni Müsavat"a danışarkən Zaurun uzun müddətdir, ürək xəstəliyindən əziyyət çəkdiyini və müalicə olunduğunu deyib.
Onun sözlərinə görə, ölümündən bir müddət əvvəl Zaur Respublika Klinik Xəstəxanasında yoxlanmışdı, ona stenokardiya diaqnozu qoyulmuşdu: "Özüm dəfələrlə onu müayinə və müalicəyə aparmışam. Həkimlər ürəyində çatışmazlıq müəyyən etmişdilər. Sistem qoyulurdu, müalicəsi üçün əlimizdən nə gəlirdisə, edirdik. Bütün bunlara baxmayaraq, dünyasını dəyişdi. Həkimlərin tapşırığına baxmayaraq, o yenə də gərgin iş rejimini davam etdirirdi. Ola bilsin ki, onun ölümünə səbəb olan amillərdən bir də məhz bu oldu".
S.Əzizov mərhumun bu yaxınlarda "Xəzər" televiziyasında efirə gedən "Ay Zaur" proqramının qonağı olduğunu, ailə həyatı və yaradıcılığı ilə bağlı açıqlamalar verdiyini söylədi. Zaurun yenicə ailə həyatı qurduğunu deyən S.Əziziov bildirdi ki, mərhum bu yaxınlarda ata olacaqdı:
"Zaur ötən il ailə həyatı qurmuşdu. Bu yaxınlarda ata olacaqdı. Özü də ata olacağına çox sevinirdi. Məndən, dostlarından bu hissin necə bir şey olduğunu soruşurdu. Çox təəssüf, övladını görmək ona nəsib olmadı. O cür oğlanın tez həyatdan köçməsi həqiqətən çox ağrılıdır. Bunu sözlərlə ifadə etmək çox çətindir".
Qeyd edək ki, meyxanaçı mayın 11-də axşam saatlarında Lənkəranda toyda çıxışı zamanı dünyasını dəyişib.
Meyxana aləmində tanınan Zaur Aşıq 1981-ci ildə Lənkəranda anadan olub. Son zamanlar "Qəşəng-qəşəng", "Avtoxuliqan", "Cinayət aləmi" və sair musiqili meyxanaları ilə meyxanasevərlər arasında xeyli populyarlıq qazana bilib.
Milli.Az