HƏMAS-ın mülki liderləri hücumdan ancaq səhər xəbər tutublar

14 Oktyabr 2023 10:07

Qəzza zolağına nəzarət edən HƏMAS-ın siyasi bürosunun üzvü Musa Əbu Mərzuk təşkilatın bütün qeyri-hərbi rəhbərlərinin İsrailə hücumdan bixəbər olduqlarını açıqlayıb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə HƏMAS-ın yüksək səviyyəli nümayəndəsi "New Yorker"ə danışıb.

"Hərbçilərdən başqa, HƏMAS-ın bütün liderləri bu xəbəri ancaq cümə axşamı səhər öyrəniblər", - o vurğulayıb.

Nəşr sürgündə olan Fələstin hərəkatının liderlərinin təqib altında olduqlarını nəzərə alaraq, onun sözlərini ağlabatan hesab edib: Qəzza xaricində yaşayan Mərzuku gözlənilən hücum barədə məlumatlandırmaq ağılsızlıq olardı.

Qətərdə olan Mərzuk əlavə edib ki, hücum edənlərin "uğurları onu heyrətə gətirib", çünki Qəzza yaxınlığında yerləşən İsrail Müdafiə Ordusunun (İMO) hissələri "ən güclü və ən yaxşı təlim keçmiş bölmələr" hesab olunurdu.

O, HƏMAS-ın yaydığı görüntülər də daxil olmaqla sübutlara baxmayaraq, mülki əhalinin hədəfə alınaraq öldürülməsini inkar edir. Bununla belə, HƏMAS nümayəndəsi etiraf edib ki, bəzi yaraqlılar tərəfindən müəyyən zorakılıq baş vermiş ola bilər.

Mərzuk HƏMAS tərəfindən girov götürülmüş sakinlərin günahsız olduqları təqdirdə buraxılacaqlarına işarə edib. O əlavə edib ki, əsir götürülmüş İsrail əsgərlərinin fələstinli məhbuslarla dəyişdirilməsindən danışmaq hələ tezdir. Bununla belə, daha öncə Qəzzadakı HƏMAS liderləri İsrailin sakinlərə xəbərdarlıq etmədən binalara hücum edəcəyi təqdirdə, girovları öldürəcəkləri ilə hədələyiblər.

Milli.Az