Keyfiyyətsiz dərmandan arvadda buynuz, kişidə quyruq əmələ gəldi

21 May 2010 10:12
Müxtəlif ölkələrdən doğma yurdumuza durmadan dərman preparatları idxal olunur. Ən çox da Rusiyadan, İrandan, Türkiyədən, Ukraynadan, Hindistandan və bəzi Avropa ölkələrindən... Saxta və keyfiyyətsiz dərman problemi keçmiş sovet ölkələrinin hər birində yaşamaqdadı. Azərbaycana daxil olan dərmanların çox faizi Rusiyadan gətirilir.

Bu yaxınlarda Moskva şəhərinin apteklərində aparılan yoxlamalar zamanı satılan dərmanların 40 faizinin keyfiyyətsiz və saxta olması haqda rəsmi məlumatdan sonra Azərbaycan məkanında satılan dərmanların vəziyyətini təsəvvür etmək o qədər də çətin deyil. Belə ki, doğma yurdumuzun bəzi "işbaz"ları Rusiya kimi ölkələrdən işlənmə müddətinə 1-2 ay qalmış dərmanları ölkəyə gətirib xəstələrə sırıyırlar. Dərmandan külli miqdarda qazanmağın bir yolu da budur ki, inhisarçı xarici dərman zavodlarında aşağı dozalı dərman hazırlatdırıb yarı qiymətini ödəyir və vətəndə o dərmanları tamdozalı adı altında satdırır. Ona görə yurdumuzda müalicə olunub sağalmaq istəyən xəstələrin işi allaha qalır. İnsanlarımız birbalaca nasazlayan kimi ömrünün axırına qədər keyfiyyətsiz dərmanlardan içə-içə qalırlar. Bu dərmanlar isə ən yaxşı halda kül, yovşan, yaxud qarğıdalı hədiyi dadır və sağaltmaq əvəzinə xəstələrdə əlavə fəsadlar yaradır. Bütün bunları günlərin bir günü mərkəzi xəstəxanaların birində xəstə yatan dostumun atasına baş çəkəndə gördüm. Dostum dedi, gedək sən də bax, gör, dərman insanlarımızı nə günə salıb.

... Elə xəstəxananın birinci mərtəbəsinə daxil olmuşduq ki, əyilə-əyilə yeriyən bir xəstə qadın nəzərimi çəkdi. Onun başında maral buynuzunu xatırladan iri, şaxəli buynuz vardı. Buynuzun budaqlarına, pirdəki ağaclar kimi, müxtəlif rəngdə parça şıyrıqları bağlanmışdı. Əvvəlcə elə bildim, xəstəxanada günü xoş keçsin deyə, arvad lağlağı üçün başına buynuz keçirib. Diqqətlə baxanda gördüm, yox, bu həqiqi buynuzdu, onun öz başından qaynaqlanır. Yenə bir şey anlamadım. Gülüb dostuma dedim, bu nədi, yazığın əri xəyanət eləyib deyə həqiqətən buynuz çıxarıb? Gördüm dostum gülüb eləmir, əksinə, sifətinə bir az da ciddilik qatıb. Dedi ki, xəyanət nədi, onun həyat yoldaşı xanımını sevən gözəl bir insandı. Bu qadının şəkər xəstəliyi varıymış. Yoldaşı, uşaqları onu bura müalicəyə gətiriblər. Həkim iynə-dərman yazıb. Vurulan iynələrdən və qəbul elədiyi dərmandan bir həftə sonra onda buynuz əmələ gəlməyə başlayıb. Müalicəni dayandırdıqlarına görə buynuz da müvəqqəti inkişafdan dayanıb...
 
... İkinci mərtəbəyə qalxıb dostumun atasının palatasına daxil olduq. Bizim xəstədən başqa otaqda müalicə alan bir cavan oğlan da vardı. Dostumun atası məni palata yoldaşı ilə tanış elədi. Dedi bu yazıq ailəsinə pul qazanmaq üçün Rusiyaya gedibmiş. Orada rus faşistləri bunu bazarda tutub o qədər döyüb ki, qorxusundan ruhi sarsıntı keçirib. Ordakı dostları məsləhət görür ki, vətənə getsin, həm arvad-uşağını görüb vəziyyəti yaxşılaşar, həm də rahat müalicə olunar. Bilmirəm bu yazığa nə dərman verdilər, bax bu günə düşüb. Gecə səhərə kimi qışqırır. Bir ara istədim baş həkimə deyəm, bunu mənim yanımdan aralasınlar. Sonra fikirləşdim, cavan oğlandı, yazıqdı, aparıb iridişli xəstələrin yanına salsalar, lap dəli olar. Birtəhər dözürəm. Qulağı da beləcə, neçə aydı düzəlmir. Biabırçılıqdan evinə də gedə bilmir. Həyat yoldaşına deyib ki, uşaqları bura gətirməsin. Ümidlidi ki, həkimlər onu hansısa bir dərmanla əvvəlki vəziyyətinə qaytaracaq.  Uşaqları ilə ondan sonra görüşmək istəyir.
Baxdım ki, cavan oğlanın sağ qulağı salat boşqabı boydadı, sol qulağı isə tamam normal haldadı. Nazilib böyümüş qulaq aşağı əyilərək çənəsinin altına dəyir. Xəstə qulaq göy-qırmızı rəngə çalırdı. Yazıq oğlan dinməz-söyləməz çarpayıda oturub başını aşağı sallamışdı.

Dostum atasına gətirdiyi yemək və meyvələri şkafda yerləşdirdi və atasının yanında çarpayıda oturdu. Atası əlini onun çiyninə qoydu. Məm pəncərə tərəfdə qoyulmuş stulda oturmuşdum. Kişi bir xeyli ordan-burdan danışdı, mənim işlərimin nə yerdə olduğunu soruşdu, qohum-əqrəbanı oğlundan xəbər aldı. Səsindəki və sifətindəki gümrahlıq məni xeyli sevindirdi. Hər halda sevinməyə dəyərdi, çünki dostumgilə gedəndə bu insandan həmişə mehribanlıq görmüşəm. Fikirləşdim, sağalıb axı, görəsən, dostum atasını niyə çıxarıb evə aparmır. Ancaq bu sualı ona verməyi sonraya saxladım.

Birdən kişi hərəkətə gəlib dedi ki, xəstəxana olanda nə olar, burda ev sahibi mənəm, qoyun, hərənizə bir fincan çay süzüm. Oğlu tez onu əli ilə saxlayıb dedi, ata, narahat olma, lazım olsa özüm süzərəm. Mən də dedim, dayı, narahat olmayın, çay içmək istəmirik.

Kişi bizim etirazımıza baxmayaraq qalxıb xırdaca elektrik peçinin üstündəki çaynikin qulpundan yapışdı. İlahi, nə görsəm yaxşıdı?.. Kişinin şalvarının arxası dəyirmi kəsilmişdi və oradan eşşək quyruğuna bənzəyən bir quyruq çölə çıxırdı. O, quyruğunun olmasını unudaraq şən bir hərəkətlə hərəmizə bir fincan çay süzdü. Çayniki qaytarıb yerinə qoyanda boşqabqulaq oğlan üzümə baxıb çənəsiylə onun quyruğuna ironik bir işarə elədi və qımışdı. Mən gördüyüm mənzərədən, əksinə, dəhşətə gəlmişdim...

Yolda dostum mənə yalvarış tonuyla xahiş elədi, bunu heç kimə danışmayım. Sonra söylədi ki, evlərini satıb atasını xaricdə müalicə eləmək istəyirlər... 

Murad Köhnəqala
Milli.Az